Çin Azərbaycanın Asiyaya açılan etibarlı qapısıdır- ÖZƏL

"Çin Azərbaycanın Asiyaya açılan etibarlı qapısıdır, Azərbaycan isə Çinin Qafqaza və Avropaya inteqrasiyasında mühüm həlqə rolunu oynayır. Qeyd edək ki, bugünkü Çin-Azərbaycan əlaqələrinin əsasını təşkil edən bu dərin tarixi bağlılıq, ölkəmiz müstəqillik qazandıqdan sonra - 1992-ci ildə rəsmi diplomatik münasibətlərin qurulması ilə yeni mərhələyə qədəm qoydu. Ötən 33 il ərzində bu münasibətlər yüksələn xətt üzrə inkişaf etmiş, qarşılıqlı hörmət və əməkdaşlıq ruhunda möhkəmlənmişdir. Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, bu əlaqələrin bu səviyyəyə çatması yalnız iqtisadi və diplomatik deyil, həm də regionda sülhə və sabitliyə verilmiş mühüm töhfədir. Məhz bu baxımdan, Azərbaycanın Çinin təşəbbüsü olan "Bir kəmər, bir yol" layihəsində fəal şəkildə iştirak etməsi təsadüfi deyil. Azərbaycan bu qlobal təşəbbüsün vacib tərkib hissəsinə çevrilmiş və öz tranzit potensialı ilə layihəyə əhəmiyyətli töhfələr vermişdir". "Olaylar" xəbər verir ki, bunu YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev deyib: "Onu da qeyd etmək lazımdır ki, Azərbaycanın "Bir kəmər, bir yol" layihəsində tutduğu mövqe və oynadığı rol olduqca strateji və nüfuzludur. Bu mövqe Çin tərəfindən də yüksək qiymətləndirilmiş və xüsusi hörmətlə qarşılanmışdır. Bu münasibətlərin təməli isə Azərbaycanın müstəqillik əldə etməsindən sonra bilavasitə ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuşdur. 1994-cü ildə yenidən hakimiyyətə qayıdan Heydər Əliyev ilk rəsmi xarici səfərlərindən birini məhz Çinə etmişdi. Heydər Əliyevin siyasi uzaqgörənliyi və liderlik qabiliyyəti Çin tərəfindən də yüksək qiymətləndirilmişdi. Həmin dövrdə Çin rəhbərliyi artıq Azərbaycanın gələcəkdə regionun aparıcı geostrateji oyunçularından birinə çevriləcəyini öncədən görür və bu baxımdan ölkəmizə xüsusi diqqət yetirirdi".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31