Diplomatik nümayəndələr real vəziyyəti öz ölkələrinə çatdıracaqlar- ÖZƏL 

"Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndələrin işğaldan azad edilmiş ərazilərə səfəri müsbət haldır. Əvvəllər bu səfərlərin əsas mahiyyəti həmin ərazilərdəki dağıntıları, erməni vandalizmini, işğal prosesinin real izlərini nümayiş etdirmək və bu şəxslərin vasitəsilə dünya ictimaiyyətinə çatdırmaq idi. İndi bu səfərlərin əsas məqsədi daha çox işğaldan sonrakı dövrdə görülən işlər, Qarabağın bərpası, "Böyük Qayıdış" siyasəti və doğrudan da işğalçı ilə işğala məruz qalan arasındakı fərqlərin göstərilməsidir".

Bu fikirləri politoloq Turan Rzayev Olaylar.az-a açıqlama verib. Siyasi ekspert bildirib ki, diplomatik nümayəndələr real vəziyyəti öz ölkələrinə çatdıracaqlar:

"Diplomatik korpus nümayəndələri bu ərazilərə səfər edirlər və onlar hər biri öz ölkəsini təmsil edirlər. Həmin ölkələrdə, dünyanın müxtəlif yerlərində erməni diasporu və lobbisinin uzun illərdir apardığı təbliğat var. Bu təbliğatın zərərsizləşdirilməsi, erməni yalanlarının ifşası baxımından bu cür səfərləri mən çox müsbət qiymətləndirirəm. Hesab edirəm ki, bu tip səfərlər gələcəkdə də davam edəcək. Burada xüsusilə daha kritik, yəni indiyədək daha çox erməni yalanlarının yanında yer alan ölkələrin nümayəndələrinin bu səfərlərə cəlb olunması mühümdür. Məsələn, Hollandiya və ya daha doğrusu Niderland, Fransa kimi ölkələr. Təbii ki, bu ölkələrin nümayəndələrini cəlb etmək çətindir, amma istənilən halda onları da bu ərazilərə aparmaq lazımdır ki, real vəziyyəti görsünlər, burada işğalın necə baş verdiyini öz gözləri ilə müşahidə etsinlər. Çünki heç kim işğalı inkar edə bilməz və heç kəs separatizmi haqlı saya bilməz. Ona görə də bu cür məsələlərdə bütün dünya bir mövqedə olmalı, bir-birini anlamalı və bu məsələlərdə heç vaxt birtərəfli və ya öz imperialist maraqları naminə addım atmamalıdır. Biz bu gün Fransanın timsalında bunun əksini görürük. Fransa 30 ildən artıq müddətdə erməni separatizmini dəstəklədi, işğalı görməzdən gəldi. Amma bu gün Fransanın öz daxilində separatizm yox, xalqların öz müqəddəratını təyin etmək hüququndan istifadə edən Kanak adası sakinləri, korsikalılar regionlar arasında gərginlik yaşanır. Separatizmə dəstək vermək çox təhlükəli və riskli bir siyasətdir. Bu, iki tərəfi kəsən kəskin bir bıçaq kimidir - dəstək verdiyin tərəf belə səni zərbə altında qoya bilər. Yəni burada qazanclı çıxmaq mümkün deyil. Fransa bu gün bunun fəsadlarını yaşayır. Hesab edirəm ki, bu tip səfərlər intensivləşdikcə, həmin səfərlərdə iştirak edən diplomatik korpus nümayəndələri də öz ölkələrinə göndərdikləri hesabatlarda buradakı vəziyyət, görülən işlər və perspektivlər haqqında daha dolğun məlumatlar verəcəklər. Bu, həm də ölkəmizə investisiya cəlbi baxımından önəmlidir. Bilirsiniz, səfirliklərin bu yöndə öz mərkəzi hakimiyyətlərinə verdikləri tövsiyələr həmin ölkələrin vətəndaşlarının Azərbaycana səfərlərinə dair xəbərdarlıqlarda, eyni zamanda şirkət sahibləri, investorlar və biznesmenlərin ölkəmizə maraq göstərməsində mühüm rol oynayacaq. Hesab edirəm ki, bu səfərlər həm də ölkəmizin inkişafı, investisiya axınının artması və Qarabağın bərpa prosesinə ciddi töhfə verəcək".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31