Paşinyanın sülh təklifi: Yeni mərhələ, yoxsa zaman qazanmaq? – ÖZƏL

Ermənistanın Baş naziri Nikol Paşinyanın parlamentin 15 aprel iclasında çıxışı zamanı sülh sazişini və Minsk qrupunun eyni anda ləğvini təklif etməsi Ermənistan-Azərbaycan münasibətlərində yeni mərhələnin başlanğıcı ola bilərmi? 

"Azərbaycan 44 günlük Vətən müharibəsindən sonra həm de-fakto, həm də de-yure olaraq öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdi. Azərbaycan xarici siyasət strategiyasında qonşularla dinc yanaşı yaşamaq prinsipini əsas götürür və bu baxımdan Ermənistanla sülh sazişi təşəbbüsü ilk olaraq Azərbaycan Prezidenti tərəfindən irəli sürüldü. Beş təməl prinsip əsasında Ermənistana müraciət edildi ki, sülh sazişi imzalansın və qonşuluq münasibətlərində sülh prinsiplərinə əməl edilsin".

Bu sözləri Olaylar.az-a açıqlamasında Strateji Planlaşdırma və Araşdırmalar İnstitutunun rəhbəri,  politoloq  Azad Məsiyev bildirib. O qeyd edib ki, Ermənistan hələ də Azərbaycanın ərazi bütövlüyünü tanımır, Minsk qrupu isə funksiyasını itirərək siyasi reallıqlara cavab vermir:

"Təəssüflər olsun ki, Ermənistan 30 illik işğal dövründə nə danışıqlarda konstruktiv mövqe nümayiş etdirdi, nə də 44 günlük Vətən müharibəsindən sonra sülh sazişi ilə bağlı konstruktiv yanaşma sərgilədi. Məsələ ondadır ki, sülh sazişinin əsas prinsipi nədən ibarətdir? Sülh sazişinin təməli ondan ibarətdir ki, iki dövlət bir-birinin ərazi bütövlüyünü rəsmən tanımalıdır. Lakin Ermənistan hələ də rəsmi şəkildə Azərbaycanın ərazi bütövlüyünü tanımır və öz konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları yer alır. Eyni zamanda, bildiyiniz kimi, ATƏT-in Minsk qrupu mövcud idi. Bu qurum BMT-nin Azərbaycanın ərazi bütövlüyü ilə bağlı qəbul etdiyi 4 qətnamənin icrası məqsədilə yaradılmışdı. Qeyd olunan qətnamələrdə Ermənistan işğalçı dövlət kimi tanınırdı. Lakin 30 il ərzində Minsk qrupu heç bir konstruktiv mövqe sərgiləmədi, əksinə, Azərbaycana təzyiq edərək Ermənistanın işğalçılığını qəbul etməyə və ərazilərdən imtina etməyə çağırırdı. Təbii ki, Minsk qrupunun bu cür avantürist təklifləri Azərbaycan tərəfindən qəbul edilmədi. Faktiki olaraq, artıq bu qurum öz funksiyasını itirib. Azərbaycan Qarabağ problemini özü həll edib, ərazi bütövlüyünü bərpa edib və bu səbəbdən Minsk qrupunun fəaliyyətinə ehtiyac qalmayıb. Həqiqətdə isə bu qurum artıq mövcud deyil, çünki onun həmsədrləri olan ABŞ, Fransa və Rusiya bu gün bir-birilə açıq rəqabətdədir və qarşılıqlı düşmən kimi çıxış edirlər".

Azad Məsiyev vurğulayıb ki, Paşinyan Qərbi arxasına alaraq Minsk qrupunu saxlayıb sülhdən yayınmaq və Azərbaycana qarşı iddialarını davam etdirmək istəyir.

"Əgər bu ölkələr bir-birilə düşməndirlərsə, deməli, onların birlikdə hansısa təşəbbüsdən çıxış etmə imkanları da yoxdur. Bu baxımdan Minsk qrupunun fəaliyyəti real deyil. Amma Ermənistan Minsk qrupunun buraxılmasını istəmir. Çünki Ermənistan iki tərəfli danışıqlardan yayınmaq və yenidən özünə himayədar tapmaq istəyir. Minsk qrupuna daxil olan Fransa və ABŞ-ni isə yenə də özlərinə arxa kimi görürlər. Bildiyiniz kimi, Paşinyanı hakimiyyətə gətirən qüvvələr, əsasən, Qərb ölkələridir. Eyni zamanda, Fransanın Paşinyanı siyasi, iqtisadi və hərbi baxımdan dəstəklədiyi də məlumdur. Fransa və ABŞ Paşinyanın hakimiyyətdə qalmasında maraqlıdırlar. Paşinyan da bu səbəbdən Minsk qrupunun gündəmdə qalmasında maraqlıdır və Qərbi öz arxasına almaqla avantürist siyasətini davam etdirmək niyyətindədir. O, hələ də Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alır, konstitusiyasını dəyişmir və Minsk qrupunun buraxılmasını istəmir".

Siyasi şərhçi əlavə edib ki, Ermənistan Minsk qrupunu himayədar kimi saxlayaraq sülhdən yayınmağa və Azərbaycanın ərazi bütövlüyünü şübhə altına almağa çalışır.

"Paşinyan Qərbi, xüsusilə də Fransa kimi ölkələri arxasına almaqla Azərbaycana qarşı yeni iddialar irəli sürməyə hazırlaşır. Onun irəli sürdüyü avantürist təkliflər göstərir ki, əslində sülh sazişinə getmək istəmir və bu istiqamətdə real niyyəti yoxdur. Çünki Paşinyanı hakimiyyətə gətirən Qərb dünyası Cənubi Qafqazda sabitliyin yaranmasında maraqlı deyil. Əgər sülh sazişi imzalansa, bölgədə sabitlik yaranacaq və bu da Qərbin maraqlarına uyğun deyil. Qərb Cənubi Qafqaza daxil olmaq və regionun resurslarını nəzarət altına almaq istəyir. Sülh sazişi imzalansa, bu imkanlar xeyli məhdudlaşa bilər. Bu səbəbdən Paşinyan Qərbdən, xüsusilə də Fransadan təlimatlar alaraq sülh sazişinin imzalanmasını uzatmaqda maraqlıdır və müxtəlif bəhanələrlə bu prosesdən yayınır. Hesab edirəm ki, Paşinyanın apardığı siyasət Cənubi Qafqazda sabitliyi pozmağa yönəlib".

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31