Azərbaycan-Çin əlaqələri: Strateji tərəfdaşlıqdan yeni inkişaf mərhələsinə– ÖZƏL
15 Aprel 2025 12:32 Siyasət"Azərbaycan Çin üçün, Çin də Azərbaycan üçün çox önəmli tərəfdaşlardır. İki ölkə arasında münasibətlər qarşılıqlı dostluq və etimad prinsiplərinə əsaslanır. Çin Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biridir. 1991-ci il dekabrın 27-də Çin Xalq Respublikası Azərbaycan Respublikasının müstəqilliyini tanıdı və 2 aprel 1992-ci ildə iki ölkə arasında diplomatik əlaqələr quruldu. Bu illər ərzində əlaqələrimiz qarşılıqlı etimad əsasında inkişaf edib, sağlam və sabit inkişaf dinamikasını qoruyub saxlamaqla, son illər həm də geniş vüsət almağa başlayıb. Bu gün Azərbaycan Çinlə demək olar ki, bütün istiqamətlərdə sıx əlaqələrə malikdir".
.jpg)
Bu fikirləri siyasi şərhçi Yusif Bağırzadə Olaylar.az-a açıqlamasında bildirib:
"Qeyd edim ki, Azərbaycanla Çin arasında münasibətlərin tarixi olduqca qədimdir. Tarixi İpək Yolu üzərindən başlayan əlaqələr mütəmadi olaraq müxtəlif sahələrdə inkişaf edir və möhkəmlənir. Çin həmişə Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyib, Azərbaycan isə öz növbəsində Tayvanla bağlı məsələlərdə Çinin prinsipial mövqeyini dəstəkləyir.
2022-ci ilin sentyabrında Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində Prezident İlham Əliyevlə Çin Xalq Respublikasının Sədri Si Cinpin arasında keçirilən görüşdə ikitərəfli münasibətlərin inkişafının əsas istiqamətləri müəyyən edilib. Azərbaycan və Çin liderləri qarşılıqlı hörmət, bərabərlik, etimad, qarşılıqlı dəstək prinsiplərinə əsaslanaraq, ölkələrimiz arasında münasibətləri qarşılıqlı faydalı, yeni və əsaslı keyfiyyətlərə yönəltməyə qərar verdilər. İki ölkə arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi üçün strateji tərəfdaşlığın yaradılmasına dair Birgə Bəyannamə qəbul edildi.
Həmin dövrdən keçən müddət ərzində Azərbaycanla Çin arasında bütün məsələlərdə qarşılıqlı anlaşma, dialoq və qarşılıqlı dəstək mövcuddur. Azərbaycan Çinin Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşıdır və ticarət dövriyyəsi müsbət dinamika nümayiş etdirir. Belə ki, Çin Azərbaycanın ticarət dövriyyəsində dördüncü yerdədir.
Azərbaycanla Çin arasında siyasi və iqtisadi əlaqələrin bu cür ardıcıl inkişafının əsasında formalaşan əməkdaşlıq münasibətləri iki ölkənin əsas və uzunmüddətli maraqlarına cavab verməklə yanaşı, həm də sülh, sabitlik, sosial-iqtisadi tərəqqiyə xidmət edir.
Ölkəmizin "Bir kəmər, bir yol" layihəsinə verdiyi önəm Azərbaycan ilə Çin arasındakı münasibətlərdə də xüsusi yer tutur. Azərbaycanda həyata keçirilən nəqliyyat və infrastruktur layihələri "Bir kəmər-bir yol" təşəbbüsünün həyata keçirilməsinə mühüm töhfə verdiyi üçün Orta Dəhliz Çindən Avropaya və əks istiqamətdə yüklərin daşınması üçün təhlükəsiz və sərfəli alternativ marşruta çevrilib.
Ümumiyyətlə isə ölkə başçısı cənab İlham Əliyev Azərbaycanın Çinlə olan münasibətlərinin inkişafına hər zaman mühüm əhəmiyyət verib. Hələ bu ilin əvvəlində Çinin CGTM telekanalına müsahibəsində, eləcə də bu günlərdə ADA universitetinin təşkilatçılığı ilə keçirilən "Yeni dünya nizamına doğru" beynəlxalq forumdakı çıxışında da Çinlə müxtəlif sahələrdə, xüsusən də yaşıl enerji sahəsində strateji tərəfdaşlığın perspektivlərinə toxunaraq Çin şirkətləri ilə birabaşa yaşıl enerji sahəsində Azərbaycan yatırımların qoyulması üçün aktov danışıqların aparıldığını bildirdi.
Düşünürəm ki, cənab Prezidentin Çinə planlaşdırılan səfəri iki ölkə arasında həm yaşıl enerji, həm də ümumiyyətlə ticari-iqtisadi münasibətlərin inkişaf etdirilməsi baxımından yeni imkanlar açacaq.
Elə Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü, ÇKP MK Beynəlxalq əlaqələr şöbəsinin müdiri Lyu Cyançao da bu günlərdə verdiyi açıqlamada Azərbaycan və Çin arasında münasibətlərin dərinləşməsi üçün böyük potensial olduğunu və cənab Prezidentin Çinə səfəri çərçivəsində daha konkret layihələrlə bağlı qərarların qəbul ediləcəyini bildirib".
Zeynəb Rzayeva