Azərbaycan artıq qlobal aktora çevrilib- ÖZƏL
15 Aprel 11:36 Siyasət"ADA Universitetində keçirilən "Yeni dünya nizamına doğru" adlı beynəlxalq forumda Prezident İlham Əliyevin çıxışı Azərbaycanın qlobal siyasətdəki mövqeyini, regionda dəyişən reallıqları və ölkəmizin diplomatik, iqtisadi, hərbi və strateji üstünlüklərini aydın şəkildə nümayiş etdirdi". "Olaylar" xəbər verir ki, bunu YAP Gənclər Birliyinin sədr müavini Fəsli Nəbiyev deyib: "Prezident İlham Əliyev vurğuladı ki, Azərbaycan artıq regional deyil, qlobal aktora çevrilib. Bu statusu ölkə suverenliyini bərpa edərək, heç bir beynəlxalq dəstək olmadan ərazi bütövlüyünü təkbaşına bərpa etməklə və postmünaqişə dövründə sülhə çağırış etməklə qazanıb. Xüsusilə İkinci Qarabağ müharibəsində və 2023-cü ilin lokal antiterror əməliyyatında beynəlxalq hüquqa sadiqlik nümayiş etdirilməsi Azərbaycanın həm hüquqi, həm də mənəvi üstünlüyünü təsdiq etdi.
Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycanın geostrateji mövqeyi və inkişaf etmiş nəqliyyat-logistika infrastrukturu onu Avropa ilə Mərkəzi Asiya arasında mühüm körpüyə çevirib. Xəzərin altından keçəcək yaşıl enerji kabeli layihəsi, Cənub Qaz Dəhlizi və Orta Dəhliz bu istiqamətdə əsas nümunələrdəndir. Eyni zamanda, Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının gücləndirilməsi və Azərbaycanın bu təşkilat çərçivəsində oynadığı rola diqqət çəkdi. O, etnik və tarixi bağlara əsaslanan bu əməkdaşlığın daha fəal və təsirli beynəlxalq platformaya çevrilməsi üçün çağırış etdi".