Azərbaycan və Çin: Orta Dəhlizin əsas tərəfdaşları– ÖZƏL
15 Aprel 2025 10:39 Siyasət"Azərbaycan-Çin münasibətləri inkişafda olan əlaqələrdir və son illərdə bu münasibətlər xüsusilə sürətli şəkildə dərinləşməkdədir. Keçən ilin sonunda Azərbaycan Prezidentinin Çin rəhbəri ilə görüşü zamanı tərəflər arasında strateji tərəfdaşlıq haqqında anlaşma imzalanıb".

Bu fikirləri Oqtay Qasımov Olaylar.az-a açıqlamasında bildirib:
"Bu sənəd münasibətlərin yeni bir mərhələyə keçdiyini göstərir.
Eyni zamanda nəzərə almaq lazımdır ki, qarşılıqlı investisiya qoyuluşları həyata keçirilir və Azərbaycanla Çin bir çox məsələlərdə ortaq mövqeyə malikdirlər. Bu kontekstdə xüsusilə Çinin irəli sürdüyü "Bir kəmər, bir yol" təşəbbüsünü qeyd etmək olar. Azərbaycan bu layihəyə dəstək verir və həmin təşəbbüsün əsas komponentlərindən biri olan Orta Dəhlizin əsas tərəfdaşlarından və dəhlizin keçdiyi mühüm coğrafiyalardan biridir.
Azərbaycan məhz özünün unikal coğrafi və strateji mövqeyi, həmçinin Orta Dəhliz çərçivəsində formalaşmış müasir və inkişaf etmiş infrastrukturu ilə fərqlənir. Çinlə münasibətlər hər iki tərəfin maraqlarına cavab verir.
Qeyd etdiyimiz kimi, Azərbaycan "Bir kəmər, bir yol" təşəbbüsündə iştirak etməklə onun reallaşmasına töhfə verir. Eyni zamanda, Azərbaycanla Çin arasında qarşılıqlı ticarət əlaqələri, iqtisadi əməkdaşlıq və Çin şirkətlərinin ölkəyə sərmayə yatırımları mövcuddur.
Qeyd etmək lazımdır ki, Çin hal-hazırda dünyanın ikinci ən böyük iqtisadi gücü hesab olunur və faktiki olaraq Qərb blokuna alternativ olan və ya onun rəqibi sayılan bir qlobal güc mərkəzinin lideri mövqeyindədir. Azərbaycan isə özünün balanslaşdırılmış xarici siyasəti çərçivəsində həm Qərblə, həm də Çinlə uğurlu əməkdaşlıq münasibətlərinə malikdir.
Avropa İttifaqı Azərbaycanın ən böyük xarici ticarət tərəfdaşıdır. Çin isə Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri olaraq qalır. Eyni zamanda, bir çox beynəlxalq məsələlərdə tərəflərin mövqeləri üst-üstə düşür. Çin daim BMT-də Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən ölkələrdən biri kimi çıxış edib".
Zeynəb Rzayeva