Zəngəzura alternativ: Bakı-Tehran marşrutu aktivləşir – ÖZƏL
14 Aprel 2025 15:24 Siyasətİran Prezidenti Məsud Pezeşkianın Bakıya gözlənilən səfəri ərəfəsində Zəngilan yaxınlığında mühüm bir görüş keçirilib. Azərbaycan və İran rəsmiləri Araz çayı üzərində inşa olunan Ağbənd-Kəlalə avtomobil körpüsünün tikinti sahəsinə baxış keçiriblər. Bu körpü Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı İran üzərindən birləşdirməyi hədəfləyir.
Zəngəzur dəhlizində irəliləyişin olmaması fonunda bu layihə Bakı ilə Tehran arasında praktiki əməkdaşlığın nümunəsi kimi qiymətləndirilir. Əgər Ermənistan Zəngəzur dəhlizinin açılmasına razılıq verməsə, bu yol Bakı üçün alternativ marşrut kimi işə düşə bilərmi?
"Təbii ki, Zəngəzur dəhlizinin açılması Azərbaycan və bütövlükdə Türk dünyası üçün olduqca böyük əhəmiyyət daşıyır. Ancaq Rusiyanın erməni dövlətini Azərbaycan tarixi torpaqlarında yaratması və həmin bölgədə, yəni Zəngəzur da daxil olmaqla, bir tampon zona qurması Azərbaycanla Türk dünyası arasında birbaşa əlaqənin qurulmasını uzun müddət əngəlləmişdir. Bu isə, istənilən halda, gələcəkdə aradan qaldırılması vacib olan bir problemdir".
Bu fikirləri siyasi şərhçi Elçin Xalidbəyli Olaylar.az-a açıqlamasında deyib. O bildirib ki, Azərbaycan və müttəfiqləri üçün strateji əhəmiyyət daşıyan Zəngəzur dəhlizi bloklanarsa, Bakı İran üzərindən Naxçıvana alternativ marşrutu işə salacaq:
"Hazırda həm Azərbaycan, həm Türkiyə, həm də bütövlükdə Türk dünyası Zəngəzur dəhlizinin açılmasına böyük önəm verir. Digər tərəfdən, Zəngəzur dəhlizi yalnız Azərbaycan və Türkiyə, yaxud da Türk dünyası üçün deyil, eyni zamanda Çindən Böyük Britaniyaya qədər uzanan geniş coğrafiyada bir çox dövlətin iqtisadi, ticarət, nəqliyyat, kommunikasiya və digər maraqları baxımından da böyük əhəmiyyətə malikdir. Lakin hələlik Ermənistan və onu dəstəkləyən bəzi dövlətlər bu dəhlizin açılmasına imkan vermirlər. Təbii ki, rəsmi Bakı Ermənistan səbəbindən Azərbaycan üçün böyük əhəmiyyət daşıyan bir layihənin bloklanmasına göz yuma bilməz. Bu səbəbdən Azərbaycan artıq uzun müddətdir alternativ plan hazırlayıb. Həmin alternativ marşrut İran ərazisindən keçməklə Naxçıvana birbaşa çıxışın təmin edilməsini nəzərdə tutur. Əgər Zəngəzur dəhlizinin açılması ləngiyərsə, o zaman rəsmi Bakı bu alternativ marşrutu tam şəkildə işə salacaq. Əslində, bu alternativ artıq aktivləşdirilib. Çünki marşrutun həyata keçirilməsi üçün bütün zəruri addımlar atılıb və layihə üzrə işlər başa çatmaq üzrədir".
Siyasi şərhçi əlavə edib ki, Ermənistan Zəngəzur dəhlizinə mane olduqca həm regional layihələrdən kənarda qalır, həm də gələcəkdə daha ağır şərtlərlə razılaşmaq məcburiyyətində qalacaq.
"İndiki mərhələdə bu vəziyyət Ermənistana daha çox narahatlıq yaratmalıdır. Çünki Ermənistan Zəngəzur dəhlizinin açılmasına imkan verməməklə özünü Cənubi Qafqazda iqtisadi-ticari və nəqliyyat-kommunikasiya baxımından olduqca əhəmiyyətli bir geo-iqtisadi layihədən kənarda qoyur. İndiyədək Ermənistan öz aqressiv və radikal mövqeyi ilə bir çox regional layihələrdən kənarda qalıb. Geo-iqtisadi, geostrateji və geosiyasi layihələrin əksəriyyəti Ermənistanı nəzərə almadan həyata keçirilib. İndi isə Ermənistan növbəti böyük geo-iqtisadi layihədən kənarda qalmaq riski ilə üz-üzədir və bu da onun üçün ciddi maliyyə və iqtisadi itkilər deməkdir. Bu səbəbdən rəsmi İrəvan Zəngəzur dəhlizinin açılması məsələsində daha rasional düşünməlidir. Azərbaycanın artıq alternativ marşrutu mövcuddur və bu marşrut tam işə salındıqdan sonra Azərbaycanın Zəngəzur dəhlizinin açılması ilə bağlı irəli sürəcəyi şərtlər daha da sərtləşəcək. O zaman Ermənistan bu dəhlizi daha ağır şərtlər daxilində açmaq məcburiyyətində qalacaq".
Səidə Ramazanova