Zərifə xanım Əliyeva həm də unikal pedaqoq idi- ÖZƏL

"15 aprel Zərifə xanımın anım günüdür. Bu tarix təkcə bir itkinin xatırlanması deyil. Bu tarix bir ziyalının ömür salnaməsinin, fədakarlığının, vicdanla, məsuliyyətlə yaşanmış həyatın təkrar-təkrar vərəqlənməsidir. Bu gün biz Zərifə xanım Əliyevanı ehtiramla yad edirik". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Məşhur Məmmədov deyib: "Zərifə xanım 1923-cü ilin yazında - aprelin 28-də Şərqin işıqlı guşələrindən biri olan Naxçıvanda - Şahtaxtı kəndində dünyaya gəlmişdi. Qanında maarifçiliyin, zəhmətin, yüksək mənəviyyatın toxumu vardı. Tanınmış ictimai xadim Əziz Əliyevin tərbiyəsində böyümüşdü. Hələ uşaqlıqdan elmə, kitaba, insana sevgi onun varlığına hopmuşdu. 1947-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirərək həkimlik yoluna qədəm qoydu. Bu yol sonadək onun əqidəsinin, vicdanının, sevgisinin yolu oldu.
Zərifə xanım oftalmologiya sahəsində ilk addımlarını atanda ölkədə bu sahədə ciddi problemlər vardı. Xüsusilə traxoma xəstəliyi geniş yayılmışdı. Gənc həkim - gənc qadın həkim bu ağır sahəyə addım atdı. O, şəhərlərdən kəndlərə, uşaq evlərindən səhra xəstəxanalarına qədər hər yeri dolaşaraq göz nuru uğrunda mübarizə aparırdı.
Elmi fəaliyyətində gözün peşə xəstəlikləri, onun müalicəsi və profilaktikası əsas yer tuturdu. Dissertasiyasında bu mövzunu araşdırdı. Onun elmi yanaşması, praktiki nəticələri sayəsində yüzlərlə insan görmə qabiliyyətini bərpa etdi. O, insanlara təkcə fiziki deyil, mənəvi işıq da bəxş edirdi.
Tədqiqatları sırasında qlaukoma, katarakta, uveit, virus mənşəli xəstəliklərə dair əsərləri tibbin inkişafına ciddi töhfələr verdi. Zərifə xanım göz həkimi kimi baxsa da, insanın ruhuna da toxunmağı bacarırdı. Onun xəstələri təkcə müalicə almır, həm də mərhəmətə, şəfqətə qərq olunurdular.
Zərifə Əliyeva yalnız elmi tədqiqatçı, klinik həkim deyildi, o, həm də unikal pedaqoq idi. Azərbaycan Tibb İnstitutunda uzun illər çalışaraq gələcəyin oftalmoloqlarını hazırladı. Onun tələbələri bu gün dünyanın müxtəlif yerlərində insanlara nur bağışlayır, müəllimlərinin adını fəxrlə daşıyırlar".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31