Azərbaycan, Ermənistan və Gürcüstan XİN rəhbərləri Antalyada Cənubi Qafqazı müzakirə edirlər
12 Aprel 2025 13:44 SiyasətAntalya Diplomatiya Forumu çərçivəsində "Cənubi Qafqazda regional əməkdaşlıq üçün çağırışlar və imkanlar" mövzusunda panel müzakirəsi keçirilir.
Olaylar.az xəbər verir ki, panel müzakirəsində Azərbaycan xarici İşlər naziri Ceyhun Bayramov, Gürcüstan XİN rəhbəri Maka Botçorişvili və Ermənistanın xarici siyasət idarəsinin rəhbəri Ararat Mirzoyan iştirak edirlər.
Panel müzakirəsində Azərbaycan xarici İşlər naziri Ceyhun Bayramov qeyd edib ki, Azərbaycanın işğal altında olan ərazilərinin azad edilməsindən sonra regionda sülh üçün tarixi imkanlar yaranıb.
"44 günlük Vətən Müharibəsi başa çatdıqdan və Azərbaycanın əvvəllər işğal olunmuş torpaqları azad edildikdən dərhal sonra тormallaşma üçün tarixi imkanlar yaranıb. Bundan az sonra Azərbaycan Ermənistana normallaşma prosesinə başlamağı və sülh sazişindən danışmağa başlamağı təklif edib. Bunu Azərbaycan təklif edib. Biz Ermənistan tərəfi ilə fiziki danışıqlara başladıq, bilirsiniz, danışıqların bir çox raundları oldu. Keçən ay tərəflər demək olar ki, iki il yarımdan sonra son dərəcə vacib irəliləyiş əldə etdi və ciddi mərhələ hesab etdiyimiz sülh sazişinin mətnini razılaşdırdı", - o bildirib.
Ceyhun Bayramov qeyd edib ki, Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması üçün həyata keçirilməsi zəruri olan növbəti addımlar var.
"Keçən ay tərəflər demək olar ki, iki il yarımdan sonra son dərəcə vacib irəliləyiş əldə etdi və ciddi mərhələ hesab etdiyimiz sülh sazişinin mətnini razılaşdırdı. Bu prosesin tam yekunlaşdırılması, sülh sazişinin imzalanması üçün həyata keçirilməsi üçün zəruri olan növbəti addımlar var. Bu, Azərbaycan Respublikasının yenə də çoxdankı və ardıcıl mövqeyidir, Ermənistandakı tərəfdaşlarımız bunu yaxşı bilirlər. Bu, ilk növbədə köhnəlmiş və işlək olmayan Minsk Qrupunun ləğv edilməsidir. İkincisi isə Azərbaycana qarşı ərazi iddialarının konstitusiyadan aradan qaldırmaqdır. Ona görə də inanırıq ki, bu zəruri addımlar atıldıqdan sonra iki ölkə arasında sülhün və dövlətlərarası münasibətlərin bərqərar olması haqqında sazişin yekunlaşdırılması və imzalanması yolunda əlavə maneələr olmayacaq", - o vurğulayıb.
Ceyhun Bayramov eyni zamanda bildirib ki, Azərbaycan Konstitusiyasında müasir Ermənistannın heç bir coğrafi adı və ərazisi yoxdur.
"Nazir Ararat Mirzoyanın Ermənistan tərəfinin Azərbaycan Konstitusiyası ilə bağlı narahatlığına gəldikdə, əvvəla, bu, reallığı əks etdirmir. Azərbaycan Konstitusiyasında müasir Ermənistan Respublikasının heç bir coğrafi adı və ərazisi yoxdur.
Düşünürəm ki, erməni həmkarlarımız çox yaxşı bilirlər, çünki əks halda onlar mütləq bu məsələni qaldıracaqlar, çünki bilirsiniz, Ermənistanın hüquq sistemi, Azərbaycanın hüquq sistemi, Türkiyənin hüquq sistemi və bütün ölkələrin hüquq sistemi az-çox eynidir. Ölkə Konstitusiyasına zidd olan beynəlxalq müqavilələr bağlaya bilməzsiniz", - o qeyd edib.
Gürcüstan Respublikasının xarici işlər naziri Maka Botçorişvili isə öz növbəsində bildirib ki, Gürcüstanın regionda sülh və sabitliyin təşviq edilməsində səmimi marağı var.
"Bizim Azərbaycan ilə dostluğa və çox yaxşı əməkdaşlığa əsaslanan strateji tərəfdaşlığımız var və bu, bizim regionda çox güclü sərvətimizdir. Ermənistanla da ənənəvi olaraq çox yaxşı münasibətlərimiz var, bu yaxınlarda strateji tərəfdaşlığa yüksəldilib. Bizim regionumuzda sülh və sabitliyin təşviq edilməsində səmimi marağımız var. Və buna görə də biz həmişə deyirik və mən burada təkrar edirəm ki, Gürcüstan həm Ermənistanın, həm də Azərbaycanın arxalana biləcəyi yerdir. Biz regionumuzda dialoqu, əməkdaşlığı asanlaşdırmaq üçün bütün mümkün vasitələrlə tərəfləri təmin edə bilərik", - o bildirib.
Maka Botçorişvili vurğulayıb ki, Cənubi Qafqaz müxtəlif tərəfdaşlıqları inkişaf etdirmək üçün böyük potensiala malikdir.
"Cənubi Qafqaz müxtəlif tərəfdaşlıqları inkişaf etdirmək və daha geniş sülhə, təhlükəsizliyə, sabitliyə, iqtisadi əməkdaşlığa töhfə vermək üçün böyük potensiala malikdir. Ortaq mövzular tapmaq, ümumi məsələlər tapmaq üçün öz aramızda əməkdaşlıq etməliyik. Və bu barədə danışmağa başlamaq, yəni məncə, bu mərhələdə bizim edə biləcəyimiz vacib şeydir. Müzakirə edə biləcəyimiz məsələləri sadalamağa başlamayacağam", - o bildirib.