Azərbaycanın beynəlxalq hüquq qanunvericilik çərçivəsində apardığı proseslər fərqli təqdim edilir- Turan Rzayev- ÖZƏL
11 Aprel 16:19 Siyasət"Azərbaycan tərəfinin erməni separatçıları ilə bağlı apardığı məhkəmə prosesi həm yerli qanunvericiliyə, həm də beynəlxalq hüquqa tam uyğundur. Bu şəxslər faktiki olaraq Azərbaycanın ərazi bütövlüyünə qarşı çıxıblar, torpaqlarımızı işğal ediblər və bu ərazilərdə qeyri-qanuni qurum yaratmağa çalışıblar."
Bu fikirləri politoloq Turan Rzayev Olaylar.az-a açıqlamasında söyləyib. Siyasi şərhçi qeyd edib ki, Azərbaycanın beynəlxalq hüquq qanunvericilik çərçivəsində apardığı proseslər fərqli təqdim edilir:
"Əslində, bu gün aparılan məhkəmə prosesi prinsipcə İkinci Dünya Müharibəsindən sonra Almaniyada nasistlər üzərində keçirilən Nürnberq məhkəməsinə bənzəyir. Əgər bu proses ictimai rəyə hesablanmış bir addım kimi təqdim olunursa, o zaman belə çıxır ki, Nürnberq məhkəməsi də qalib dövlətlərin sadəcə bir təbliğat aləti idi. Bu məsələlərə hər zaman qərəzli yanaşma olub və bugün də belə davam edir. Başqaları etdikdə bu normal sayılır, amma Azərbaycan eyni hüquqi prosedurları tətbiq etdikdə, sadəcə ictimai rəyə hesablanmış addım kimi olur. Bugün Fransada Korsikalı və ya Yeni Kaledoniyalılar öz müqəddəratlarını təyin etmək istədikləri halda , müstəqillik tərəfdarlarının fəaliyyəti nəticəsində onların liderləri həbs edilir, amma heç kim bunu siyasi repressiya adlandırmır. Eyni şəkildə, İspaniyada katalonlara və basklara qarşı aparılan siyasi prosesləri də qəbul etmirlər. Göründüyü kimi, Azərbaycanın beynəlxalq hüquq qanunvericilik çərçivəsində apardığı proseslər fərqli təqdim edilir. Reallıq isə ondan ibarətdir ki, bu proseslər tamamilə şəffaf və hüquqa uyğundur. Məhkəmə proseslərindən video qeydlər mövcuddur, istənilən şəxs bu qeydlərə baxa və ya məhkəmə prosesində iştirak üçün müraciət edə bilər. Bu da şəffaflığa dair konkret fikir formalaşdırmağa imkan verir. Bu olsaydı belə, yenə bu fikirləri səsləndirərdilər. Çünki bu, yalnız erməni ekspertlərin deyil, həm də bəzi Avropa ekspertlərinin daimi qərəzli mövqeyindən qaynaqlanır. Onlar bu cür məsələlərə illərdir birtərəfli və qərəzli yanaşırlar və görünən odur ki, bu, gələcəkdə də dəyişməyəcək".
Zeynəb Mustafazadə