Sərkisyan hansı sözünün Əliyevə çatdırılmasını xahiş edib? – Zərif şok sirri açdı
11 Aprel 14:59 Siyasətİranın sabiq xarici işlər naziri Məhəmməd Cavad Zərifin Azərbaycan və Ermənistanla bağlı sözləri müzakirələrə səbəb olub.
Olaylar.az xəbər verir ki, bu barədə erməni iranşünas Qriqor Arakelyan danışıb.
Arakelyan Cavad Zərifin müharibədən 6 ay sonra İrəvana səfər edib dövlət rəsmiləri ilə görüşdüyünü söyləyib:
"O zaman xarici işlər naziri olan Zərif protokol çərçivəsində həmin müddətdə Ermənistanın prezidenti vəzifəsini icra edən Armen Sərkisyanla da görüşüb. İranlı diplomat deyib ki, Sərkisyan həmin vaxt ondan bəzi sözlərini Bakıya səfəri zamanı Azərbaycan Prezidenti İlham Əliyevə çatdırmasını xahiş edib. Zərifin sözlərinə görə, A.Sərkisyan Əliyevə müraciətində deyib: "Biz 28 il əvvəl güclü, Azərbaycan zəif idi. Biz Qarabağı aldıq, o ölkəni (Azərbaycanı - red.) aşağıladıq, hətta danışıqlar belə aparmaq istəmədik. 28 il müddətində eyni münasibəti davam etdirdik, lakin bu gün biz çökdük və məğlub olduq. Siz də eyni səhvi təkrarlamayın".
Arakelyan bildirib ki, Zərif həqiqətən də Bakıya səfəri zamanı Sərkisyanın xahişini Əliyevə çatdırıb.
"Mən Prezident İlham Əliyevlə görüşdüm, Ermənistan rəhbərinin sözlərini çatdırdım. Lakin vurğuladım ki, hazırda güclü olan sizsiniz və sülh bu istiqamətdə bərpa edilməlidir. Azərbaycan Prezidenti bu fikirləri məntiqli hesab etdiyini və belə də olacağını söylədi", - C.Zərif vurğulayıb.
Qeyd edək ki, Azərbaycan müharibədən dərhal sonra Ermənistanla sülh müqaviləsinin imzalanması və münaqişəyə birdəfəlik son qoyulması üçün hərəkətə keçdi, İrəvanla müxtəlif platformalarda danışıqlar aparıldı, daimi əlaqənin saxlanılması və sülh müqaviləsi ətrafında fikir mübadilə diqqətdə saxlanıldı. Nəhayət, ötən ay Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov sülh müqaviləsi mətni üzrə iki ölkə arasında tam razılaşmanın əldə edildiyini açıqladı. Lakin buna rəğmən İrəvan hələ də sülhdən yayınır.