Azərbaycanın mövqeyi beynəlxalq arenada güclənir-İlyas Hüseynov- ÖZƏL

"Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini təmin etdikdən sonra ölkəmizə beynəlxalq maraq getdikcə artıb və Cənab Prezident İlham Əliyevi şərqdən qərbə doğru mühüm müzakirə platformalarında görmək, onu dinləmək istəyirlər. Bu, beynəlxalq auditoriya üçün böyük maraq doğurur. Hesab edirəm ki, Antalya Diplomatik Forumunda cənab Prezidentin iştirakı və çıxışı da böyük maraqla qarşılanacaqdır. Çünki Azərbaycan, Cənubi Qafqaz regionunda enerji və nəqliyyat sahəsində qlobal layihələrə imza atıb". 
Bu fikirləri politoloq İlyas Hüseynov Olaylar.az-a açıqlamasında deyib:

"Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Qars dəmir yolu xətti və eyni zamanda beynəlxalq dəniz terminalının inşası da bu qəbildən olan layihələr sırasındadır. Digər tərəfdən, Azərbaycan həm də beynəlxalq sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən dövlətdir. Bir tərəfdən, torpaqlarımızın işğaldan azad edilməsi qlobal sülhə yardımcı oldu. Azərbaycan qarşılıqlı faydalı əməkdaşlığın, tərəfdaşlıq münasibətlərinin və etimada, inama əsaslanan əlaqələrin qurulmasında maraqlıdır. Ötən il ölkəmizdə COP29 tədbirinin keçirilməsi də göstərdi ki, Azərbaycanın yaşıl enerji gündəliyi də çox genişdir və dünyada baş verən iqlim dəyişiklikləri problemlərinə Azərbaycan kifayət qədər ciddi diqqət ayırır. Eyni zamanda, Qoşulmama Hərəkatında və Türk Dövlətləri Təşkilatında Azərbaycanın sədrliyi çox çətin bir dövrə - koronavirus pandemiyası vaxtına təsadüf etsə də, cənab Prezidentin planetar əhəmiyyətli təşəbbüsləri dünya birliyi tərəfindən müsbət qiymətləndirildi. Burada inkişaf etməkdə olan dövlətlərə humanitar yardımların göstərilməsi, ticarət fəaliyyətlərinin davam etdirilməsi kimi mühüm təşəbbüslər hər kəsin yaddaşındadır. Hesab edirəm ki, Antalya Diplomatik Forumunda Azərbaycan liderinin iştirakı beynəlxalq auditoriya üçün çox böyük önəm kəsb edəcəkdir. Digər tərəfdən isə, Azərbaycanla qardaş Türkiyə arasında olan münasibətlərin inkişafına da töhfə verəcək, çünki bizim münasibətlərimiz müttəfiq münasibətləridir. Dostluq və qardaşlıq telləri bizi bağlayır və bu səfər kontekstində Bakı ilə Ankara arasında münasibətlərin yaxınlaşması üçün də mühüm müzakirələr keçiriləcəkdir".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31