Bəhruz Quliyev: Azərbaycanın enerji təcrübəsi ABŞ üçün cəlbedici əməkdaşlıq imkanıdır – ÖZƏL

"Müxtəlif dövrlərdə Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında münasibətlər zaman-zaman dəyişkən xarakter daşısa da, strateji əhəmiyyətini heç vaxt itirməmişdir. Məsələn C.Buş administrasiyası dövründə regional təhlükəsizlik, enerji əməkdaşlığı və antiterror siyasətində sıx tərəfdaşlıq yaranmışdır, bu mərhələ ikitərəfli münasibətlərin  göstəricisidir. Lakin son illərdə Bayden-Blinken administrasiyasının  Azərbaycana qarşı balanssız və birtərəfli yanaşması, xüsusilə də ABŞ Konqresinin qəbul etdiyi "907-ci düzəliş"in qüvvədə saxlanması, Ermənistanın açıq şəkildə dəstəklənməsi və USAİD-in qeyri-şəffaf fəaliyyəti ikitərəfli əlaqələrdə ciddi gərginliklərə səbəb olmuşdur. Bu amillər  Azərbaycan cəmiyyətində və siyasi dairələrində haqlı narahatlıq doğurur və ABŞ-nin regiondakı tərəfsiz vasitəçi statusuna zərbə vururdu".

Bu sözləri "Səs" qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev Olaylar.az-a açıqlamasında deyib. O qeyd edib ki, bununla belə, Donald Trampın hər iki prezidentliyi dövründə Azərbaycan-ABŞ münasibətlərində daha praqmatik və konstruktiv yanaşma müşahidə olunub:

"Yüksək səviyyəli təmaslar və iqtisadi-siyasi sahədə atılan müsbət addımlar strateji tərəfdaşlıq üçün yeni imkanlar açmışdır. Trampın Azərbaycan prezidentinə ünvanladığı Novruz təbriki, münasibətlərin səmimiyyətə əsaslanan ruhda inkişaf etdiyini göstərən önəmli diplomatik jest kimi qiymətləndirilir. D.Tramp ikinci dəfə prezidentlik dönəmində də  ABŞ-Azərbaycan münasibətlərinin daha da dərinləşəcəyi, qarşılıqlı hörmət və maraqlara əsaslanan yeni əməkdaşlıq formatlarının formalaşacağı gözlənilir. Bu, Azərbaycanın xarici siyasətində balanslaşdırılmış və çoxşaxəli diplomatiya xəttinin davamı kimi ABŞ ilə əməkdaşlığa yeni dinamika qazandıra bilər. Xatırladaq ki, ABŞ də regionda güclü bir dövlətlə əməkdaşlığa maraqlıdır. Bu baxımdan gələcək əlaqələrin daha da inkişafını proqnozlaşdırmaq olar".

Bəhruz Quliyev əlavə edib ki, gələcək əməkdaşlıq aşağıdakı əsas sahələrdə özünü göstərə bilər:

"Qeyd edək ki, Azərbaycanın enerji sektorundakı təcrübəsi və potensialı ABŞ şirkətləri üçün cəlbedici əməkdaşlıq imkanları yaradır. Və eyni zamanda,  Xəzər regionunun geosiyasi əhəmiyyəti nəzərə alınaraq, ABŞ-Azərbaycan təhlükəsizlik əməkdaşlığı daha da güclənə bilər. Müxtəlif əməkdaşlıq istiqamətlərini analiz etdikdə görürük ki, Azərbaycan hər zaman qarşılıqlı maraqlara və beynəlxalq hüquqa əsaslanan münasibətlərin tərəfdarı olmuşdur. Ümid edirik ki, ABŞ də bu prinsipləri rəhbər tutaraq, Cənubi Qafqaz regionunda sülhə və inkişafa töhfə verməyə davam edəcək".

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31