İlham Əliyev Antalya Diplomatiya Forumunda: Qlobal sülhə güclü mesaj – ÖZƏL
11 Aprel 2025 13:08 SiyasətPrezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan beynəlxalq aləmdə nüfuzunu artırıb. Aprelin 11-13-də dövlət başçısı Türkiyənin Antalya şəhərində keçiriləcək IV Antalya Diplomatiya Forumuna dəvət olunub. Prezidentin iştirakı Azərbaycanın diplomatik nüfuzunun göstəricisi sayılır.
Mövzu ilə bağlı Olaylar.az-a danışan Trend Beynəlxalq İnformasiya Agentliyinin direktor müavini, siyasi şərhçi Sahil Kərimli bildirib ki, Azərbaycan və Türkiyə tarixi köklərə əsaslanan "bir millət, iki dövlət" prinsipi ilə müttəfiq və qardaş kimi daim inkişaf edən münasibətlərə malikdir:
"Ümumiyyətlə, Azərbaycanla Türkiyə arasında mövcud olan və bütün dünyaya nümunə ola biləcək dostluq və qardaşlıq münasibətləri durmadan inkişaf edir. Bu münasibətlər hər iki ölkə liderinin səyləri nəticəsində daha da möhkəmlənir və irəli aparılır. Azərbaycan və Türkiyə müttəfiq, qardaş ölkələrdir. Biz "bir millət, iki dövlət" prinsipi ilə birləşmişik və bu tarixi köklərə dayanan qardaşlıq münasibətləri gələcəkdə də davamlı olaraq inkişaf etdiriləcəkdir. Buna heç bir şübhə yoxdur".
S. Kərimli qeyd edib ki, Prezident İlham Əliyevin qlobal forumlardakı fəal iştirakı və Türkiyə ilə birgə diplomatik təşəbbüsləri Azərbaycan-Türkiyə qardaşlığının beynəlxalq nüfuzunu və sülhə töhfəsini gücləndirir.
"Azərbaycan Prezidenti cənab İlham Əliyevin Antalyada keçirilən Diplomatik Forumda iştirakı da gözlənilən və əhəmiyyətli hadisədir. Təbii ki, dövlət başçımızın bu forumda çıxışı, veriləcək mesajlar həm Türkiyə ilə Azərbaycan arasında diplomatik əlaqələrin daha da dərinləşməsinə səbəb olacaq, həm də qlobal miqyasda əhəmiyyətli rezonans doğuracaq. Xatırladaq ki, bir neçə gün əvvəl Bakıda "Yeni Dünya Nizamına Doğru" adlı böyük bir beynəlxalq forum keçirildi. Bu forumda da Prezident İlham Əliyev geniş nitq söylədi, bəyanatlarla çıxış etdi və xarici qonaqların suallarını cavablandıraraq bir daha Azərbaycanın beynəlxalq aləmdəki mövqeyini və nüfuzunu gücləndirdi. Təbii ki, cənab Prezidentin bu çıxışları dünya mediasının və beynəlxalq ictimaiyyətin diqqət mərkəzində oldu. Görünən odur ki, Azərbaycanın bu cür qlobal platformalar təşkil etməsi, dünya səviyyəli çağırışlara dair məsələlərin müzakirəsi üçün tribunalar yaratması, eyni zamanda qardaş Türkiyənin bu istiqamətdə həyata keçirdiyi siyasət və Antalya Diplomatiya Forumu çərçivəsində bu məsələlərin birgə müzakirəsi, Türkiyə-Azərbaycan qardaşlığının dünya siyasi proseslərinə, sülh və təhlükəsizliyə verdiyi töhfənin bariz nümunəsidir".
Siyasi şərhçi əlavə edib ki, Azərbaycan və Türkiyə dünya üçün sülh və təhlükəsizlik çağırışı edən əsas güclərdir.
"Azərbaycan və Türkiyə bu gün həm regionda, həm də dünyada sülhün və təhlükəsizliyin bərqərar olması üçün ciddi səylər göstərən nadir ölkələr sırasındadır. Eyni zamanda bu, Türk Dövlətləri Təşkilatının timsalında bütün dünyaya verilmiş mühüm bir mesajdır. Yəni, qardaş Türkiyə və Azərbaycan bütün Türk dünyası adından dünyaya sülh və təhlükəsizlik çağırışı edir. Bu isə bəşəriyyət və insanlıq naminə verilmiş ən böyük töhfələrdən biridir".
Səidə Ramazanova