Sülh müqaviləsi imzalanmayana qədər təxribat riski qalacaq– ÖZƏL
11 Aprel 2025 12:18 Siyasət"Azərbaycan Prezidenti ADA-da keçirilən konfransında növbəti dəfə Azərbaycanın mövqeyini bir mənalı şəkildə ifadə etdi və çox haqlı olaraq bildirdi ki, sülh müqaviləsi imzalanmayana qədər Azərbaycan və Ermənistan arasında müəyyən gərginliklər, o cümlədən şərti sərhədlərdə təxribatların baş vermə ehtimalı kifayət qədər yüksək olaraq qalır".
Bu fikirləri siyasi şərhçi Oqtay Qasımov Olaylar.az-a açıqlamasında bildirib:
"Təbii ki, Ermənistan bu təxribatlara getməklə, mümkün qədər beynəlxalq diqqəti bölgəyə yönəltmək, Azərbaycana qarşı təzyiqləri artırmaq və nəticə etibarilə yarımçıq bir sənədə imza atdırmaq niyyətindədir.
Çünki Ermənistan hələ də sülh müqaviləsinin bağlanması üçün zəruri olan iki əsas şərti yerinə yetirmir. Bunlar konstitusiya dəyişikliyi və ATƏT-in Minsk Qrupunun buraxılması ilə bağlı məsələlərdir. Şübhəsiz ki, sülh müqaviləsi imzalanana qədər bu cür təxribatlar davam edəcək.
Amma bu təxribatlar genişmiqyaslı hərbi eskalasiyaya çevriləcəkmi? Mən düşünürəm ki, genişmiqyaslı deyil, lakin müəyyən səviyyədə - kiçik və orta miqyasda gərginliklər ola bilər. Bu ehtimal kifayət qədər yüksəkdir. Azərbaycan dəfələrlə Ermənistanı bu istiqamətdə xəbərdarlıq edib.
Prezident də bir daha qeyd etdi ki, Ermənistanda revanşist qüvvələr mövcuddur və onların mövqeləri hələ də kifayət qədər güclüdür. Revanşistlər məsələsinə toxunaraq, bu qüvvələri iki yerə ayırdı: fəal revanşistlər və passiv revanşistlər. Eyni zamanda vurğulandı ki, bu qrupların Azərbaycana qarşı münasibətində ciddi fikir ayrılığı müşahidə olunmur.
Bununla yanaşı qeyd olundu ki, Azərbaycan Ermənistanın sürətlə silahlanma prosesini izləyir və bu haldan narahatlığını ifadə edir. Azərbaycan isə öz müdafiə məsələlərində legitim hüquqlarını qorumaqdadır. Əgər Ermənistan tərəfindən hansısa irimiqyaslı təxribatlara cəhd edilərsə, bu cəhdlərin qarşısı ciddi şəkildə alınacaq və nəticələr 44 günlük müharibə və 1 günlük antiterror əməliyyatından fərqli olmayacaq".
Zeynəb Rzayeva