Azərbaycan beynəlxalq siyasi arenada mühüm sülh təşəbbüsləri ilə diqqət çəkib- ÖZƏL
11 Aprel 2025 12:16 Siyasət"Azərbaycan, son illərdə təkcə Avropanın enerji xəritəsində mühüm rol oynamağa başlamayıb, həm də beynəlxalq siyasi arenada mühüm sülh təşəbbüsləri ilə diqqət çəkib. Prezident İlham Əliyevin ADA Universitetində keçirilən "Yeni dünya nizamına doğru" adlı beynəlxalq forumda çıxışı, Azərbaycanın yalnız enerji təchizatında deyil, həm də regionda sülhün təmin edilməsi və sabitliyin qorunmasında necə fəal iştirak etdiyini nümayiş etdirir. Azərbaycanın qaz siyasəti, xüsusən də Avropa İttifaqı ilə əlaqələrini möhkəmləndirərək, bu gün regionun enerji təhlükəsizliyinin təmin olunmasında müstəsna əhəmiyyət kəsb edir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Məşhur Məmmədov deyib: "Hazırda Azərbaycanın qaz təchizatı 12 ölkəni əhatə edir, onlardan 10-u Avropa ölkəsidir, 8-i isə Avropa İttifaqının üzvüdür. Bu, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində necə mühüm rol oynadığını və bu əlaqələrin daha da gücləndiriləcəyini göstərir. Prezident İlham Əliyevin çıxışında qeyd etdiyi kimi, Azərbaycanın qaz təchizatını təmin etdiyi ölkələr arasında müxtəlif qazlaşdırma layihələri həyata keçirilir və yeni investisiya sahələri açılır.
Məsələn, Albaniyanın Korça şəhərində həyata keçiriləcək qazlaşdırma layihəsi, Azərbaycan sərmayələri ilə reallaşdırılacaq və bu layihənin icrasına başlanması planlaşdırılır. Bu, Azərbaycanın qaz sahəsindəki müvəffəqiyyətli siyasətinin bir nümunəsidir. Gürcüstanın qazlaşdırılmasına qoyulan sərmayələr nəticəsində bu ölkədə qazlaşdırma səviyyəsi 30 faizdən 80 faizə yüksəlib. Hal-hazırda Bolqarıstanda da qazlaşdırma layihələrinin müzakirə edildiyini görürük və bu ölkə artıq qaz istehlakının təxminən 50 faizini Azərbaycandan alır".