Azərbaycan mühüm beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib- ÖZƏL
11 Aprel 2025 12:15 Siyasət"Hazırda beynəlxalq müstəvidə çox mürəkkəb proseslər baş verir və dünya yeni nizam ərəfəsindədir. Azərbaycan Cənubi Qafqaz regionunun lider dövləti kimi bu bölgədə baş verən proseslərin önündədir. Yəni yeni nizamın formalaşmasında dövlətimizin özünəməxsus rolu var". "Olaylar" xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Pərvin Kərimzadə deyib. Deputat bildirib ki, Azərbaycan mühüm beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib: "ADA Universitetində dünyanın müxtəlif beyin mərkəzlərinin iştirakı ilə toplantıların keçirilməsi artıq ənənə halını alıb. Aprelin 9-da ADA Universitetində "Yeni dünya nizamına doğru" mövzusunda keçirilən beynəlxalq forum günümüzlə səsləşir. Prezident İlham Əliyev Forumda dərinməzmunlu çıxış edərək Cənubi Qafqazda vəziyyət, Ermənistanla sülh sazişinin imzalanması imkanları, eləcə də dünyanın müxtəlif regionlarında baş verən proseslərlə bağlı fikirlərini ifadə edib".
Millət vəkilinin sözlərinə görə, Forumda dövlətimizin başçısı Azərbaycanın beynəlxalq təşkilatlarla əməkdaşlığına da xüsusi yer ayırıb: "Azərbaycanın xarici siyasət kursunda beynəlxalq təşkilatlarda fəal təmsilçilik istiqaməti mühüm yer tutur. Prezident İlham Əliyev beynəlxalq forumda beyin mərkəzlərinin təmsilçilərinin suallarını cavablandırarkən hazırda respublikamızın müxtəlif coğrafiyaları və siyasi-iqtisadi qütbləri təmsil edən bir sıra nüfuzlu təsisatlarla əməkdaşlığının kifayət qədər yüksək səviyyədə olmasından məmnunluğunu ifadə edib. Diqqəti çəkən mühüm məqamlardan biri ondan ibarətdir ki, ölkəmizin müxtəlif beynəlxalq təşkilatlarla münasibətləri bir qayda olaraq qarşılıqlı maraqlara əsaslanır. Məlumdur ki, bəzi dövlətlər sırf öz maraqlarının təmin edilməsi naminə beynəlxalq təsisatların sıralarına daxil olurlar. Azərbaycan isə tamam fərqli bir nümunə ortaya qoyur. Belə ki, respublikamız geniş imkanlarını təqdim etməklə üzv olduğu təşkilatların nüfuzunun artmasına, qlobal həmrəyliyin güclənməsinə davamlı töhfələr verir".