Azərbaycanın Türkiyə və İsraillə münasibətləri inkişaf etdirməsi xüsusi əhəmiyyətə malikdir
11 Aprel 2025 12:08 Siyasət"Bu gün Yaxın Şərqdə baş verən hadisələr bütün müsəlman dünyası tərəfindən diqqətlə izlənir. Bu baxımdan Türkiyə ilə İsrailin Suriya ilə bağlı məsələləri müzakirə etmək üçün Azərbaycanı seçmələri Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu və müdrik siyasətin göstəricisidir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov parlamentin bugünkü plenar iclasında deyib.
Deputat qeyd edib ki, son proseslər bir daha göstərdi ki, Azərbaycan çox haqlı olaraq İsraillə münasibətlərin təməlini zamanında qoruyaraq uğurla inkişaf etdirdi: "Bu baxımdan hazırkı dönəmdə Azərbaycanın həm Türkiyə ilə həm də İsraillə münasibətləri inkişaf etdirməsi xüsusi əhəmiyyətə malikdir. Burada ən önəmli məsələlərdən biri də Azərbaycanın türk dövlətləri ilə əlaqələrinə verdiyi önəmdir".
Millət vəkili qeyd edib ki, Azərbaycan bu prosesin irəli aparmasında əsas lokomotiv rollardan birini oynayır: "Azərbaycan Şimali Kipr Respublikasının türk dövlətlərinə inteqrasiyası, Türk Dövlətləri Təşkilatı çərçivəsində məşvərətçi status almasında mühüm rol oynayıb. Bu prosesdə təbii ki, Azərbaycanın həyata keçirdiyi müstəqil siyasət çox böyük rol oynayır".