Azərbaycan Mərkəzi Asiya və Yaxın Şərqdə cərəyan edən proseslərdə vacib rol oynayır- ÖZƏL

"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin aprelin 9-da ADA Universitetində keçirilmiş "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forumdakı çıxışı və iştirakçıların suallarına cavabları  mövcud mürəkkəb beynəlxalq münasibətlər və siyasi çaxnaşmalar fonunda Azərbaycan reallıqlarının obyektiv dəyərləndirilməsi üçün mükəmməl vasitədir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Əli Hüseynli deyib: "Dövlətimizin başçısı qlobal gündəlikdə duran mühüm məsələlər ətrafında çoxsaylı tanınmış beynəlxalq ekspertlərlə fikirlərini bölüşmüşmüş, dünyada baş verən mühüm proseslərə dair mövqeyini açıqlamış, bu dəyişikliklər fonunda ölkəmizin geosiyasi portretinin çizgilərini çəkmişdir.

Cənab İlham Əliyev Azərbaycanın tarixi ərazilərinin azad edilməsi ilə bağlı mövzuya toxunaraq qondarma Qarabağ probleminin tarixi kökləri barədə forum iştirakçılarını məlumatlandırmaqla yanaşı Azərbaycanın bugünkü reallığı və beynəlxalq dəstək olmadan ölkənin ərazi bütövlüyünün öz gücü və siyasi-hərbi yolla bərpasının unikal presedent olduğunu iştirakçıların diqqətinə çatdırmışdır.

Dünya ictimaiyyəti son zamanlar Azərbaycanın həm Mərkəzi Asiyada, həm də Yaxın Şərqdə cərəyan edən proseslərə əhəmiyyətli iqtisadi və siyasi münasibətlərə malik iştirakçı qismində cəlb edildiyinin şahididir. Ölkə rəhbərinin fikrincə, bu, qismən bizim yerləşdiyimiz coğrafiya və Azərbaycan xalqının tarixi, eyni zamanda, Azərbaycanın Şərqlə Qərb arasındakı məkanda əsrlər boyunca necə inkişaf etməsi, ölkəmizin neft-qaz, enerji və təhlükəsizliklə bağlı proseslərdə güclənən beynəlxalq mövqeyi ilə bağlıdır: "Əlbəttə ki, coğrafiya hər bir ölkə üçün mühüm amildir. Lakin o, siyasətimizdə dominantlıq edən yeganə amil deyil... Beləliklə, artıq qurulmuş bu platforma bizə Mərkəzi Asiya və Avropa regionu arasında coğrafi, siyasi, iqtisadi və nəqliyyat körpüsü olaraq önəmli rol oynamağa imkan verir. Biz indi istər Avropa İttifaqı və ya Amerika Birləşmiş Ştatları olsun, istərsə də digər beynəlxalq təşkilatlar olsun, Qərbdən Mərkəzi Asiyaya və əlbəttə ki, həmin regionla uzunmüddətli əməkdaşlığın qurulmasının planlaşdırılmasına böyük marağın olduğunu bilirik. Azərbaycanın nəzərə alınmamasının mümkünsüz olduğunu anlamaq üçün, sadəcə, xəritəyə nəzər salmaq kifayət edər. Baxmayaraq ki, Avropada Azərbaycanı nəinki bu prosesdən ayırmağı, eyni zamanda, Qafqazda, xüsusilə Cənubi Qafqazda ayırıcı xətlər yaratmaq istəyən bəzi qüvvələr var. Lakin bu səylər əlbəttə ki, uğurla nəticələnməyəcək... Hesab edirəm ki, bu, vacib bir aktivdir və Mərkəzi Asiya ölkələri ilə münasibətlərini yaxından qurmaq istəyən istənilən beynəlxalq aktor üçün yenə də xəritəyə və Azərbaycan ilə Mərkəzi Asiya ölkələri liderləri arasında siyasi müstəvidə qarşılıqlı əlaqələrə nəzər salmaq kifayətdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31