Atəşkəsin pozulma halları artıq sistemli xarakter alır- Tofiq Abbasov - ÖZƏL
10 Aprel 16:57 Siyasət"Ermənistanın fəaliyyəti, gördüyü işlər hamısı pozucu mahiyyətə malikdir. Ermənistan bilərəkdən atəşkəsi pozur ki, sülh sazişinin imzalanması, qəbul edilməsi əngəllənsin, bu məsələ uzadılsın. Bu prosesi uzatmaqda məqsədi beynəlxalq birlik sıralarında özü üçün yeni tərəfdaşlar tapmaqdır".
Bu fikirləri politoloq Tofiq Abbasov Olaylar.az-a açıqlamasında söyləyib. Politoloq bildirib ki, Ermənistanın yersiz, uğursuz manevrlərinə Azərbaycan aldanmır və aldanmayacaq:
"Ermənistanın bu məqsədi çıxış yolu ola bilməz. Faktiki olaraq, sülh sazişindən daha çox əziyyət çəkən Ermənistan özüdür. Bəli, Azərbaycan, eləcə də, region üçün də problem yaradır, bölgənin bir çox proseslərdəki iştirakının faydalılıq əmsalına mənfi təsir göstərir. Əlbəttə, Ermənistan müdrikliklə bu prosesləri anlasa idi, çoxdan Azərbaycanın tələbləri ilə barışardı. Həm özü üçün əlverişli şərait qazanardı, həm də digər tərəfdən bölgəyə yeni bir nəfəs gələrdi. Amma, görürük ki, Ermənistan bu proseslərdən qaçır, digər tərəfdən beynəlxalq qüvvələri Azərbaycanla üz-üzə qoymağa çalışır. Belə cəhdlər sülhlə tamamilə ziddir. Buna göz yummaq olmaz. Hesab edirəm ki, atəşkəsin pozulma halları artıq sistemli xarakter alır. Bu proseslərdə Azərbaycan Ermənistanın yersiz, uğursuz manevrlərinə aldanmır və aldanmayacaq. Anlayırıq ki, bölgənin güclü tərəfi bizik, təsadüfi deyil ki, Prezident İlham Əliyev ADA universitetindəki çıxışında bir daha yada saldı ki, bu bölgənin əsas yükünü daşıyan Azərbaycandır, bizim gücümüz var, ordumuz var. İstər Amerika , istər Avropa bu reallığı qəbul etməlidir.
Ermənistan üçün heç bir müsbət tərəf yoxdur və ola bilməz. Ermənistan ən böyük səhvini edib ki, bölgənin ən böyük 2 dövləti olan Azərbaycan və Türkiyə ilə münasibətlərini hələ də tənzimləyə bilmir. Günah da özündədir. Birincisi Azərbaycana qarşı işğalçı siyasət yürüdürdü, sonra bizim torpaqlarımıza göz dikmişdi. Biz onların dərsini verdik və indi də konstitusiyalarında dəyişiklik etmək istəmirlər. Bu ondan irəli gəlir ki, Paşinyan anlayır ki, bu öz ölkəsi üçün faciəvi sonluq olacaq. Öz seçicilərindən, xalqından bunu tələb edə bilmir. Çünki Ermənistanın daxili vəziyyəti son dərəcə aqressivdir. Azərbaycan və Türkiyə ilə münasibətlər düzgün olmadığından o çalışır, amma olmur, iqtisadi cəhətdən də zəifləyir. Bəli, Ermənistan bəzi dövlətlərdən kömək alır, amma bu müvəqqətidir. Həmişə belə olmayacaq. Ermənistan üçün dirçəlmək, iqtisadiyyatı yeniləmək lazımdır. Bunlar baş vermir və Ermənistan sürünə-sürünə çalışır ki, bütün dünyanı Azərbaycana qarşı qoysun. Amma bu alınmır. Belə proseslərdə güclü tərəf həmişə öz sözünü deyir. Ermənistan sülh sazişinə hazır deyilsə bu onun öz işidir. Azərbaycan onsuz da ermənilərlə müharibə vəziyyətində olan zaman da inkişafına nail oldu, iqtsiadiyyatını artırdı. Bu ondan xəbər verir ki, Azərbaycanın inkişaf konsepsiyası dəyişməz olaraq qalacaq. Bu Cənab Prezidentin konsepsiyasıdır. O başa düşür ki, islahatlar daim getməli, insanların rifahı isə daim artmalıdır. Ermənistan daim bundan məhrumdur".
Zeynəb Mustafazadə