“Azərbaycan balanslı və strateji yanaşması ilə seçilən bir dövlətdir” – Zeynal Əmrəliyev – ÖZƏL

Prezident İlham Əliyev ADA Universitetində keçirilən beynəlxalq forumda çıxışı zamanı bildirib ki, Türkiyə ilə İsrail arasında ilk barışmada  Azərbaycan vasitəçilik edib. O, hər iki ölkənin Azərbaycan üçün dost və tərəfdaş olduğunu vurğulayıb və bu səbəbdən aralarındakı hər hansı anlaşılmazlığın Azərbaycanı narahat etdiyini qeyd edib.

"Prezident İlham Əliyevin bu məsələ ilə bağlı verdiyi açıqlama bir daha sübut edir ki, Azərbaycan qlobal miqyaslı məsələlərdə balanslı və strateji yanaşması ilə seçilən, nüfuz sahibi olan bir dövlətdir"

Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev bildirib. O qeyd edib ki, Azərbaycan və Türkiyə arasında həm dövlət, həm də xalq səviyyəsində misilsiz dostluq və strateji əməkdaşlıq mövcuddur:

"Azərbaycan və Türkiyə münasibətləri, məlum olduğu kimi, çox güclü şəkildə inkişaf edib. İki dövlət arasında çox sıx əməkdaşlıq mövcuddur. Dünyada bu səviyyədə yaxın münasibətlərin başqa bir nümunəsi yoxdur. Bu əməkdaşlıq təkcə dövlətlərarası münasibətlərlə məhdudlaşmır, həm də xalqlar arasında səmimi və isti münasibətlərlə müşayiət olunur. Müharibə dövründə Azərbaycanın müxtəlif şəhərlərində Türkiyə bayraqlarının dalğalandırılması və Türkiyəyə olan dərin sevgi bunun bariz nümunəsidir. Paralel olaraq, Türkiyədə də  Azərbaycan xalqına qarşı eyni dərəcədə sevgi və rəğbət mövcuddur. Bu baxımdan, Azərbaycan və Türkiyə münasibətlərinin müsbət şəkildə inkişaf etməsi tamamilə təbiidir".

Zeynal Əmrəliyev əlavə edib ki,  Azərbaycan İsraillə strateji maraqlara əsaslanan xüsusi əməkdaşlıq quran yeganə müsəlman ölkəsidir.

"Azərbaycanla İsrail arasında da güclü və strateji əməkdaşlıq mövcuddur. İsrail  Azərbaycanın mühüm tərəfdaşıdır və müsəlman dünyasında  Azərbaycan-İsrail münasibətləri xüsusi əhəmiyyət kəsb edir. Çünki İslam dünyasında İsraillə bu səviyyədə münasibətləri olan yeganə ölkə Azərbaycandır. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi,  Azərbaycanın bu məsələdə İsraillə əməkdaşlığı dövlət maraqlarına əsaslanır".

Siyasi şərhçi vurğulayıb ki,  Azərbaycan  Türkiyə və İsrail arasında gərginlik fonunda balanslı və tarazlaşdırıcı mövqe tutur.

"Böyük ehtimalla, bu münasibətlər "Mavi Marmara" hadisəsi zamanı da gündəmə gəlmişdi. Həmin dövrdə Türkiyə və İsrail arasında münasibətlər gərginləşmişdi. Lakin real vəziyyətdə İsrail və Türkiyənin hərbi toqquşması mümkün deyil. Çünki Türkiyə NATO üzvüdür və iki dövlət arasında sıx iqtisadi və hərbi əməkdaşlıq mövcuddur. Həmçinin, hər iki ölkənin ABŞ ilə müttəfiqlik əlaqələri və ortaq maraqları bu cür toqquşma ehtimalını minimuma endirir. Bu səbəbdən, Azərbaycan İsrail və Türkiyə arasındakı gərginliyə münasibətdə tarazlaşdırıcı mövqe nümayiş etdirir".

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31