Avropa İttifaqı bu işlərdən nə qədər uzaq dursa, bir o qədər yaxşıdır- ÖZƏL

"Qonşularla münasibətlər Azərbaycan dövlətinin xarici siyasətində mühüm istiqamətlərdən biridir. Belə ölkələrdən biri Gürcüstandır". "Olaylar" xəbər verir ki, bunu Milli Məclis sədrinin müavini Musa Qasımlı deyib: "ADA Universitetində keçirilən beynəlxalq konfransda cənab Prezidentimiz İlham Əliyevin söylədikləri Gürcüstanla münasibətlərimizin təməlini təşkil edir və gələcəyini müəyyənləşdirir: "Gürcüstanla əlaqələr bizim üçün strateji əhəmiyyətə malikdir. Xalqlarımız tarixi bağlılığı, bizim birgə keçmişimizə, - hansı ki, o dövrdə qeyri-azad və qeyri-müstəqil idik, - və müstəqillik dövrünə nəzər salsaq görərik ki, Azərbaycan ilə Gürcüstan arasında qarşılıqlı anlaşma, dostluq və tərəfdaşlıq yüksək səviyyədə idi. Bunun sayəsində biz Cənubi Qafqaz regionunu strateji əhəmiyyətli bölgəyə çevirə bildik. Bunu, sadəcə, özümüz - Azərbaycan və Gürcüstan etdi. Xəzər dənizi və Qara dəniz arasında yerləşdiyimizdən biz müxtəlif region və qitələr ilə təmasda olmaq üçün bir növ keçid rolunu oynayırıq. Əminəm ki, perspektivlər cari vəziyyət qədər parlaq olacaqdır.
      İki ölkə arasında sıx tərəfdaşlıq və dostluq münasibətlərinin bariz nümunəsi kimi Gürcüstanın Baş nazirinin ölkəmizə səfərini qeyd edə bilərəm. Bu, onun seçkilərdən sonra ilk xarici səfəri idi. Adətən seçkilərdən sonra ilk xarici səfərin rəmzi mənası var. Beləliklə, ilk səfər Azərbaycana edildi və tezliklə seçkilərdən sonra Gürcüstan Prezidenti də ilk xarici səfərini Azərbaycana edəcək. Beləliklə, bu iki fakt münasibətlərimizin, bizim qarşılıqlı sadiqliyimizin və dostluğumuzun aydın göstəricisidir. Bizi birləşdirən layihələrdən çox danışa bilərik. Onlar yaxşı məlumdur və bununla vaxtınızı almaq istəməzdim. Ancaq onlar yalnız bizim xalqlarımız və ölkələrimiz üçün deyil, daha geniş coğrafiya üçün vacibdir. Hazırda isə biz buraya yaşıl gündəliyi əlavə edirik. Biz artıq buna qısa şəkildə toxunduq. Bu, Azərbaycan və Gürcüstan üçün yaşıl dəhlizdir. Bu, nəqliyyat dəhlizidir, Orta Dəhlizdir - bunlar qaçılmazdır.
    Səmimi desəm, mən xanım Ursula Fon der Lyayen tərəfindən Avropa Komissiyasının rəhbərliyi və Mərkəzi Asiya dövlətlərinin liderləri arasında Özbəkistanda keçirilən Zirvə görüşündə səsləndirilən şərhlərdən xəbər alanda təəccübləndim. O, orada özlərinin Avropanın "qlobal qapısı" adlandırdıqları Orta Dəhlizin irəlilədilməsi haqqında danışarkən Azərbaycan və Ermənistan, Ermənistan və Türkiyə arasında sərhədlərin açılmasına toxunub. Bu, təəccüb doğurur, çünki bu dəhliz mövcuddur və Ermənistan orada heç bir rol oynamır. Biz Avropa bürokratlarının Ermənistanla bağlı hisslərini anlayırıq, ancaq siz xəritəni görməzdən gələ bilməzsiniz. Bu gün biz avropalılara Mərkəzi Asiya ilə əlaqə qurmağa kömək edən müxtəlif imkanları yaratmışıq. Gürcüstanın dəniz limanları, Bakı-Tbilisi-Qars dəmir yolu, Azərbaycanın Ələt Limanı - bütün bunlar nəqliyyat sahəsi üçün əhəmiyyətlidir. Bütün bunlar haqqında danışılmır, bu layihələrə nə qədər vəsait yatırdığımız gözardı edilir. Yalnız Türkiyə və Ermənistan, Ermənistan və Azərbaycan arasında sərhədlərin açılması haqqında danışılır. Bunun Avropaya nə aidiyyəti var? Bu, onların işi deyil. Türkiyə-Ermənistan, Ermənistan-Azərbaycan münasibətlərində Avropa İttifaqı bu işlərdən nə qədər uzaq dursa, bir o qədər yaxşıdır.
    Gürcüstan haqqında isə bir kəlmə belə deyilmədi. Sanki Gürcüstan mövcud deyil. Bu, ədalətsizlikdir. Avropa Komissiyasının Gürcüstanın daxil işləri ilə bağlı proseslərə münasibəti isə qətiyyən qəbuledilməzdir. Bu, müstəmləkəçilərin davranışıdır. Onlar gürcü xalqının iradəsinə özlərinin müstəmləkəçi keçmişinin prizmasından yanaşırlar. Bu, tamamilə qəbuledilməzdir. Gürcü xalqı bilir ki, biz onlarla birlikdəyik və Gürcüstan hökuməti də bunu bilir. Gürcüstanın bütün daxili işləri Brüsseldəki bürokratlar deyil, gürcü xalqı tərəfindən həll edilməlidir. Beləliklə, biz Azərbaycan ilə Gürcüstan arasında tərəfdaşlığı gücləndirməliyik.
    Əvvəlki suallar zamanı müzakirə etdiyimiz kimi, Cənubi Qafqazda imkanları nəzərdən keçirdikdə bizim əlaqələr qurmaq üçün vasitəçilərə ehtiyacımız yoxdur. Biz vasitəçilərdən təngə gəlmişik. 28 il ərzində vasitəçilərimiz var idi - həmin o məşhur Minsk qrupu. Onların yeganə məqsədi işğalı əbədiləşdirmək və Qarabağı Ermənistana verməkdən ibarət idi. Ona görə biz kiminsə vasitəçi olmaq istədiyini eşidəndə bir az narahat oluruq. Gəlin bunu özümüz edək, biz bu regionda yaşayırıq. Azərbaycan olaraq biz Avropa təsisatları ilə yaxşı əlaqələrə malik olmaq istəyirik, xüsusilə də Avropa Komissiyası ilə. Ancaq bizim maraqlarımızın qurban verilməsi hesabına yox. Onların davamlı olaraq bizim daxili işlərimizə qarışması, cəmiyyətimizin müxtəlif seqmentlərinin maliyyələşdirilməsi, gənclərimizin beyinlərinin yuyulması, regionumuzda yaşayan xalqların zəhərlənməsi - bütün bunlar bizə lazım deyil. Budur bizim görmək istədiyimiz Cənubi Qafqaz. Cənubi Qafqazın aparıcı dövlətləri olaraq Azərbaycan və Gürcüstan bu işdə məsuliyyəti öz üzərində götürərək əməkdaşlıq etməlidirlər. Əlbəttə, burada Ermənistan da var və o, ancaq Azərbaycana qarşı ərazi iddiaları ilə bağlı konstitusiyasına dəyişiklik edəcəyi təqdirdə bu prosesə qoşula bilər. Bu vaxt biz regionumuzda uzunmüddətli proqnozlaşdırılabilən vəziyyətdən bəhs edə bilərik."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31