Artıq strateji enerji mənbələri qlobal geosiyasi vəziyyətə təsir edən amilə çevrilib- ÖZƏL
9 Aprel 2025 13:01 Siyasət"Məlumdur ki, enerji təhlükəsizliyi hər bir ölkənin milli təhlükəsizliyinin ayrılmaz hissəsidir. Eyni zamanda, dünya siyasətinin aktual məsələlərindən biri enerji təhlükəsizliyidir. Enerji qaynaqlarının əhəmiyyəti artır və sürətlə böyüyən dünya iqtisadiyyatı bu qaynaqlara əvvəlkindən daha çox ehtiyac duyur. Artıq, strateji enerji mənbələri qlobal geosiyasi vəziyyətə təsir edən amillərdən birinə çevrilib. Bunun təbii bir nəticəsi olaraq zəngin enerji qaynaqlarına sahib olan ölkələr iqtisadiyyat və geosiyasi baxımdan əsas mövqedədirlər". "Olaylar" xəbər verir ki, bunu YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov deyib: "Azərbaycan Avropanın enerji təhlükəsizliyinə xüsusi töhfə verən ölkələrdəndir. Belə ki, Azərbaycan xam neftin, təbii qazın, neft məhsullarının, neft-kimya məhsullarının və gübrələrin istehsalçısı və ixracatçısıdır. Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində 3-cü iclasındakı çıxışında ölkəmiz ilə Avropa Komissiyası energetika sahəsində strateji tərəfdaşlıqla bağlı memoranduma imza atdıqdan sonra Avropaya qaz təchizatımızın təxminən 60 faiz artdığını diqqətə çatdıran ölkə Prezidenti cənab İlham Əliyev 2022-ci ildə imzalanan sənədin əhəmiyyətini önə çəkib: Avropaya qaz təchizatımız 2021-ci ildə təxminən 8 milyard kubmetr idi. Ötən il demək olar ki, 13 milyard kubmetr oldu. Yəni, bu, bizim ümumi ixracatımızın təxminən yarısından çoxdur. Bu, 25 milyard kubmetrdir və bundan sonra da artacaq. Bu gün həmin həcm artıq kifayət qədər çoxdur. Yeni yataqları əlavə etmək və mövcud qaz yataqlarında hasilatı artırmaq planlarımızı nəzərə alaraq, biz birmənalı olaraq istehlakçılarımıza daha çox qaz verəcəyik. Bir sözlə, təsəvvür edə bilərik ki, əgər bizə daha çox təbii qaza qənaət etmək imkanı verən yaşıl enerji gündəliyini əlavə etsək, Azərbaycan enerji təhlükəsizliyi baxımından tərəfdaşları üçün daha mühüm rol oynayacaq".