Türkiyə erkən seçkilərə gedir? – “Utancverici addım atılıb”
31 Mart 09:11 SiyasətXəbər verdiyimiz kimi, İstanbulun Maltepe rayonunda İstanbul Böyükşəhər Bələdiyyəsinin həbs olunan sədri Əkrəm İmamoğluya dəstək mitinqi keçirilib. Meydanları dolduran aksiya iştirakçıları tərəfindən "Haqq, hüquq, ədalət" şüarları səsləndirilir.
Həmçinin TRT, "CNN-Türk", NTV, TGRT, "A Haber", "Beyaz TV", həmçinin "Dəmirörən" və "Turkuvaz" media qrupları da daxil olmaqla hökumətyönlü media qurumları, o cümlədən "ETSTur" turizm şirkəti və "EspressoLab" kafe zənciri boykot olunmağa başlayıb.
Türkiyə müxalifətinin bu addımları ölkə iqtisadiyyatına ziyansız ötüşmür. Digər tərəfdən, müxalifətin əsas məqsədi ölkədə erkən prezident seçkilərinin keçirilməsi və İmamoğlunun namizədliyinin irəli sürülməsidir. Artıq erkən seçkilər üçün imzatoplama kampaniyası da başlayıb.
Küçə hərəkatı, mitinqlər Türkiyədə iqtidar dəyişikliyi yarada bilərmi? Hazırkı proseslər Ərdoğan iqtidarına sərf edir, yoxsa onu təhdid edir?
Globalinfo.az-a danışan politoloq Elşad Həsənov deyib ki, Türkiyədə qarışıqlıq yaratmaq istəyən qüvvələr pozuculuq işləri aparırlar:
"İstanbul Böyükşəhər Bələdiyyəsi ilə bağlı aparılan korrupsiya istintaqı çərçivəsində bələdiyyə sədri Əkrəm İmamoğlu barəsində 23 martda həbs qərarı çıxarılıb. İmamoğlu həbsinin siyasi məqsəd daşıdığını bildirir. Əgər haqlıdırsa, ittihamları ləğv edəcək sübutlar təqdim etməli idi. Ərdoğan iqtidarının apardığı araşdırmalar nəticəsində İmamoğlunun dəfələrlə rüşvət alması, korrupsiya əməlləri aşkara çıxıb. Bütün bunlar barəsində təkzibolunmaz faktlar var. Heç kim qanundan üstün deyil. İmamoğlu özünü daha güclü siyasi lider bilir və Türkiyə prezidenti olmaqda iddialıdır".
Politoloqun sözlərinə görə, son mitinqlər Türkiyə iqtisadiyyatına ciddi ziyan vurur:
"Mütəxəssislərin hesablamalarına görə, mitinqlərin birinci günündə ölkə iqtisadiyyatına 8 milyard dollar ziyan dəyib. Bu gün ana müxalifət partiyası öz əməlləri üçün əsasən gənclərdən istifadə edir. Türkiyənin orta yaş və yaşlı nəslinin əksəriyyəti Ərdoğan hakimiyyətini dəstəkləyir. Onlar bildirirlər ki, bu gün Türkiyənin çox yaxşı inkişaf etməsində Ərdoğanın böyük rolu var. Müxalifətin yaratdığı qarşıdurmalar əsaslı deyil. Ərdoğanın erkən seçkilərə getməsinə və bu seçkilərdə də İmamoğlunun prezident seçilməsinə çalışırlar. Sözügedən həbs prosesinə siyasi motiv geyindirmək cəhdləri buna hesablanıb".
Elşad Həsənov qeyd edib ki, Türkiyə müxalifəti ölkə daxilində baş verən proseslərdə xarici ölkələrin də dəstəyini almağa çalışır:
"Bu, utancverici haldır. Partiya gərək ilk növbədə öz xalqının dəstəyini alsın. Amma bunlar xarici ölkələrə müraciət edirlər. Deməli, gələcəkdə Türkiyənin maraqlarını da həmin ölkələrə satacaqlar. Müxalifət partiyasının çağırışları Türkiyənin imicinə böyük ziyan vurur.
ABŞ Prezidenti Donald Tramp Ərdoğanı güclü siyasətçi kimi qəbul edir. Münasibətlərin yüksək səviyyədə inkişaf etdirilməsinə çalışır. Azərbaycan da Ərdoğan iqtidarının yanındadır. Rəcəb Tayyib Ərdoğanın belə mitinqlər hesabına erkən seçkilərə gedəcəyini düşünmürəm".