Azərbaycanda günəş və külək energetikasının genişmiqyaslı inkişafı zəruridir - ESCAP

Azərbaycanda günəş və külək enerjisi istehsalı güclərinin əhəmiyyətli dərəcədə artırılması zəruridir.

Olaylar.az Trend-ə istinadən xəbər verir ki, bunu BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının (ESCAP) enerji departamentinin enerji keçidi üzrə mütəxəssisi Anis Zaman çərşənbə günü Bakıda keçirilən 9-cu Dayanıqlı İnkişaf Məqsədləri Dialoqunda bildirib.

Onun sözlərinə görə, 7-ci DİM-ə nail olunması üzrə Yol Xəritəsi Azərbaycanın iqtisadiyyatının bütün sektorlarında enerji səmərəliliyinin artırılmasını, bərpaolunan enerji güclərinin genişləndirilməsini və yaşıl enerji dəhlizinin inkişafını nəzərdə tutur.

"Yol Xəritəsi Azərbaycan hökumətinə 7-ci DİM-ə nail olmaq üçün zəruri texnoloji həllərin və dövlət siyasəti tədbirlərinin müəyyənləşdirilməsində kömək məqsədilə hazırlanıb. Sənəd, həmçinin 1990-cı il səviyyəsi ilə müqayisədə 2035-ci ilədək istixana qazı emissiyalarının 40 faiz azaldılması imkanlarının araşdırılmasına, eləcə də yaşıl enerji dəhlizinin inkişafı hesabına Azərbaycanın regional təmiz enerji mərkəzi kimi mövqeyinin gücləndirilməsinə yönəlib", - deyə o bildirib.

A.Zaman qeyd edib ki, Yol Xəritəsində hamının əlçatan qiymətlərlə müasir, etibarlı və dayanıqlı enerji xidmətlərinə çıxışını təmin etmək üçün texniki həllər müəyyənləşdirilib. Sənəd, həmçinin enerji sektorunun inkişafının ölkənin iqlim öhdəlikləri və iqtisadiyyatın şaxələndirilməsi məqsədləri ilə uzlaşdırılmasını nəzərdə tutur.

Onun sözlərinə görə, tövsiyələr yalnız7-ci DİM-ə nail olunmasını və emissiyaların azaldılmasını deyil, həmçinin enerji təhlükəsizliyinin möhkəmləndirilməsini, iqtisadi rəqabət qabiliyyətinin artırılmasını və təmiz enerjinin inkişafı hesabına yeni iqtisadi artım imkanlarının yaradılmasını əhatə edir.

"Bərpaolunan enerji sektorunun, xüsusilə günəş və külək enerjisinin genişmiqyaslı inkişafı zəruridir. Azərbaycanın, xüsusən Xəzər regionunda bu sahədə böyük potensialını nəzərə alaraq, Yol Xəritəsində elektrik enerjisinin istehsalında qalıq yanacaqlardan asılılığın azaldılması üçün müvafiq güclərin əhəmiyyətli dərəcədə artırılması nəzərdə tutulur", - deyə A.Zaman vurğulayıb.

Qeyd edək ki, Bakıda 9-cu Dayanıqlı İnkişaf Məqsədləri Dialoq keçirilir. Tədbir Azərbaycanın İqtisadiyyat Nazirliyi, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası və Birləşmiş Millətlər Təşkilatının (BMT) birgə təşkilatçılığı ilə keçirilir.Tədbirin mövzusu "Azərbaycanda milli səviyyədə müəyyən edilmiş töhfələrin həyata keçirilməsinin sürətləndirilməsi: dayanıqlı inkişaf naminə enerji sektorunun karbonsuzlaşdırılmasına dəstək"dir.Dialoq çərçivəsində Azərbaycanın milli iqlim öhdəliklərinin yerinə yetirilməsi, enerji sektorunun ekoloji transformasiyası, bərpaolunan enerji mənbələrinin inkişafı və bu sahədə investisiya imkanları müzakirə olunur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31