Amerika və İran arasındakı müharibə ehtimalı dünya üçün ciddi təhlükədir- ÖZƏL

ABŞ və İran arasındakı gərginlik son vaxtlar artıb, hərbi müdaxilənin qaçılmaz olduğu proqnozları gündəmə gəlməkdədir. ABŞ Prezidenti Donald Trampın, İranın ali rəhbəri Əli Xameneiyə göndərdiyi məktub və onun sərt cavabı, vəziyyəti daha da gərginləşdirib. Hazırda Təl-Əviv və Vaşinqtonun İrana hücum etmək üçün hazırlıq gördüyü barədə məlumatlar yayılır. Bu fonda  İranda yaşayan azərbaycanlıların gələcəyi narahatlıq yaradır.

Politoloq Tural İsmayılov Olaylar.az-a açıqlamasında bildirib ki, Amerika və İran arasındakı müharibə ehtimalı dünya üçün ciddi təhlükədir:

"Əlbəttə, son dövrlər artıq qlobal münasibətlər sistemində İranla bağlı qarşıdurmanın gərginləşdiyini müşahidə edirik. Amerika Birləşmiş Ştatları İranın nüvə zənginləşdirilməsi siyasətini əsla qəbul etmir və bununla bağlı da öz etirazlarını hər bir formada, ən yüksək platformalarda ifadə etməyə çalışır. Bu gün Amerika Birləşmiş Ştatlarının İrana nüvə sazişi ilə bağlı etdiyi təzyiqlər fonunda İran tərəfindən soyuq münasibətin göstərilməsi Amerika və İran arasındakı eskalasiya imkanlarının gerçəkləşməsinə səbəb ola bilər və təbii ki, belə bir yaşanacaq mümkün müharibə dünya üçün çox ciddi təhlükədir. Hesab edirəm ki, dünya iqtisadiyyatı Amerika Birləşmiş Ştatları və İsrail arasında başlaya biləcək hər hansı bir müharibə ehtimalına qarşı daha həssas və kövrək bir vəziyyətə gəlib çata bilər. Əlbəttə ki, Azərbaycan sərhədləri yaxınlığında hansısa müharibə ehtimallarının olmağını biz heç bir zaman istəmərik və bütövlükdə Azərbaycanın beynəlxalq konfliktlərdə mövqeyi həmişə sülhün, barışın olması və eyni zamanda da aktiv eskalasiya ehtimallarının arxa plana keçməyinə köklənib. Lakin əlbəttə ki, İranla baş verə biləcək hər hansı müharibə ehtimalında o ölkədə yaşayan bizim azərbaycanlı soydaşlarımızın da ərazini, İranı tərk etmək ehtimalları çox böyükdür və yəqin ki, onların üz tutacağı ölkələrin içərisində Azərbaycan və Türkiyə ilk seçim kimi qala bilər. Dediyim kimi, müharibənin baş verməməsi üçün hələ imkanlar və limitlər tam olaraq tükənməyibdir və nəzərə alanda ki, Amerikanın yeni administrasiyası aktiv savaş imkanlarının olmağında  hələ o qədər də maraqlı tərəf kimi görünmür. Bu baxımdan müəyyən qədər pozitiv impulslara köklənmək olar. Amma Amerikanın Yəməndə artıq husiləri vurması, İranla danışıq imkanlarının tükənmək ehtimalları güclü olsa da, Tramp hələ yeni hakimiyyətə gəlibdir və onun elə İranın ilk soyuq cavabında müharibəyə başlamamaq seçimlərdə güclüdür".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31