Sahil Kərimli: “Azərbaycan ədalətli sülh üçün Ermənistanın konstitusiyasını dəyişməsini və Minsk qrupunun ləğvini tələb edir” – ÖZƏL
17:58 SiyasətAzərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov XII Qlobal Bakı Forumunda çıxışı zamanı Minsk Qrupunun və onun təsisatlarının ləğv edilməsinin vacibliyini vurğulayıb. O bildirib ki, sülh sazişinin mətni üzrə danışıqlar yekunlaşıb və növbəti addım Ermənistanın konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünə dair iddiaların aradan qaldırılması olmalıdır.
Mövzunu Olaylar.az-a şərh edən Trend Beynəlxalq İnformasiya Agentliyinin direktor müavini, siyasi şərhçi Sahil Kərimli bildirib ki, Azərbaycan, ədalətli və dayanıqlı sülhün təmin olunması üçün Ermənistanın konstitusiyasında dəyişiklik etməsini və ATƏT-in Minsk qrupunun ləğvini qəbul etməsini tələb edir:
"Əlbəttə ki, Azərbaycanın Ermənistana irəli sürdüyü bu təkliflər ilk növbədə Azərbaycanın haqlı və ədalətli tələbləridir. Çünki Azərbaycan tərəfi ilk növbədə Ermənistandan öz konstitusiyasında dəyişiklik etməyi tələb edir. Bu da ondan ibarətdir ki, Ermənistan konstitusiyasında Azərbaycana qarşı açıq- aşkar ərazi iddiaları var və bu da qəbuledilməzdir. Əgər Ermənistan bu ərazi iddialarından əl çəkməzsə, yəni konstitusiyasına dəyişiklik etməzsə, biz heç zaman ədalətli, dayanıqlı sülhdən danışa bilmərik. Digər tərəfdən, ATƏT-in Minsk qrupunun artıq hüquqi baxımdan ləğvi ilə bağlı Ermənistan ilk növbədə bir addım atmalıdır. Təəssüf ki, Ermənistan hələ də bu addımı atmaq istəmir. Bu isə o deməkdir ki, Ermənistan müxtəlif yollarla bölgədə gərginliyi saxlamaq, hətta silahlanmaq yolu ilə hərbi təxribatlar yaratmağa cəhd etmək kimi də məkrli planlar üzərində işləyir. Bu da əlbəttə ki, qəbuledilməzdir. Ermənistan əgər sülh istəyirsə ilk növbədə konstitusiyasına dəyişiklik etməlidir. ATƏT-in Minsk qrupunun tamamilə buraxılması ilə bağlı imtina müraciəti etməlidir və bundan sonra əlbəttə ki, biz sülh müqaviləsinin imzalanması prosesində çox böyük irəliləyişlər görmüş olarıq. Yəni Ermənistan bu addımları atmaqla əslində sülhə necə sadiq olmasını göstərər. Amma təəssüf ki, hələ ki, bu istiqamətdə elə bir müsbət addım görmürük. Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramovun da, Azərbaycanın digər dövlət nümayəndələrinin, siyasilərinin də açıqlamaları, səsləndirdikləri bəyanatlar bu gün Azərbaycanın ədalətli mövqeyini bir daha ortaya qoymuş olur".
Səidə Ramazanova