XII Qlobal Bakı Forumu- İlham Əliyev dünyaya səsləndi: Ermənistana təchiz olunan məhvedici silahlar bizə qarşı yönəlir
10:37 SiyasətMartın 13-də Bakıda, "Gülüstan" sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə "Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi" mövzusunda XII Qlobal Bakı Forumu işə başlayıb. Forumda Latviyanın sabiq Prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vayra Vike-Frayberqan, Türkiyə Böyük Millət Məclisinin üzvü, Türkiyənin sabiq xarici işlər naziri Mövlud Çavuşoğlu, Avropa İttifaqı Şurasının sabiq Prezidenti, Belçikanın keçmiş Baş naziri Şarl Mişel, Gürcüstanın Baş nazirinin sabiq müavini Eka Tkeşelaşvili, Çin Hökumətinin Avropa məsələləri üzrə keçmiş xüsusi nümayəndəsi, BMT Baş katibinin iqtisadi və sosial məsələlər üzrə sabiq müavini, Çinin Almaniyadakı keçmiş səfiri Vu Honqbon, Avropa İttifaqı (Aİ) Komissiyasının Miqrasiya, daxili işlər və vətəndaşlıq üzrə keçmiş komissarı, Yunanıstanın keçmiş xarici işlər və milli müdafiə naziri Dimitris Avramopoulos və digər ölkələrin hökumət nümayəndələri iştirak edirlər.
XII Qlobal Bakı Forumunda qlobal aktual problemlər, çoxtərəfli diplomatiya, çoxqütblü dünya nizamı, BMT-nin gələcək paktı, postmünaqişə dövründə bərpa-quruculuq işləri və orta güclərin yeni dünya düzənində rolu kimi vacib mövzular müzakirə olunacaq. Tədbir beynəlxalq liderləri bir araya gətirərək qlobal siyasət, təhlükəsizlik, texnologiya və sülh kimi məsələlərin müzakirəsinə şərait yaradacaq. Forumda "Geosiyasi dəyişmələr: Məsuliyyətli tərəfdaşlıq rəqabətə qarşı", "Çoxqütblü dünya üçün multilateralizmə yenidən baxılması" və "Gələcək üçün BMT paktı: Yeni qlobal konsensusun yaradılması" mövzularında panellər təşkil olunacaq. Sülhə və barışığa töhfə verən ictimai xadimə 2025-ci il "Nizami Gəncəvi" Beynəlxalq Mükafatı təqdim ediləcək. Bundan əlavə, "Sülhə gedən yol", "Yeni dünya nizamında orta güclər" və "Sülh - münaqişə sonrası yenidənqurma və regional sabitliyin yenidən bərpası" mövzularında panellərlə yanaşı, Yaxın Şərq və Ukrayna-Avropa Birliyi məsələlərinə həsr olunmuş nahar sessiyaları keçiriləcək. "COP29:Belem üçün sıçrayış - Transformasiyanın sürətləndirilməsi" və "Avropanın gələcəyi" mövzuları gecə sessiyalarında müzakirə olunacaq. Forumda yeni texnologiyalar, gender və təhlükəsizlik, iqlim dəyişikliyinin təsiri, qlobal səhiyyə böhranları və onların həlli yolları da diqqət mərkəzində olacaq. Xüsusilə, "Yeni dünya üçün yeni texnologiyalar", "Gender-Təhlükəsizlik-İqlim bağlantısı" və "Qlobal səhiyyə böhranı: Hazırlıq və bərabərlikdə yeni cəbhələr" panelləri bu istiqamətdə vacib mövzuları əhatə edəcək. Forumun ən diqqətçəkən hissələrindən biri isə gənclərin fikirlərinə həsr edilən "Gənclər danışsın, biz dinləyək" paneli olacaq.
Forumun açılış mərasimində Prezident İlham Əliyev çıxış edib. Dövlət başçısı çıxışında Nizami Gəncəvi Beynəlxalq Mərkəzini təbrik edib. Qeyd edib ki, Mərkəz son illər ərzində çox əla işlər aparmışdır və belə bir mühüm beynəlxalq tədbiri təşkil edir: "Biz çox fərəhlənirik ki, Qlobal Bakı Forumu hazırda aparıcı beynəlxalq platformalardan biridir. Orada qlobal gündəlikdə dayanan məsələlər müzakirə olunur". Prezident bildirib ki, COP29-da olan işlər, onun Azərbaycanda keçirilməsi qərarı düşünürük ki, çox məsuliyyətli, ölkəmizin enerji resurslarına məsuliyyətli yanaşmasından xəbər verdi: "Mən bir daha qeyd etmək istəyirəm ki, ölkədə nəinki enerji təchizatı çatışmazlığı yoxdur, əksinə, bu gün ölkəmiz onlarla ölkələrə enerji ixrac edir, 12 ölkəyə təbii qaz ixrac olunur. Onlardan 10-u Avropa ölkəsidir və təsadüfi deyil ki, ölkəmiz Pan-Avropa enerji təchizatçısı kimi tanınır". Əlavə edib ki, Bakıda keçirilən COP29 "Bakı sıçrayışı" kimi adlandırıldı və bu da orada qalan bir irsdir."Əfsuslar olsun, deməliyəm ki, bu qlobal beynəlxalq tədbir bəzi Qərb medialarında kampaniyalarla müşayiət olundu", - deyən dövlətimizin başçısı bunu bir sıra mərkəzlərdən gördüyümüzü bildirib. Bunlar arasında ABŞ-ın Dövlət Departamentinin, saxta xəbərlər yayan "Washington Post", "New York Times", "News Week", "Politico", "Associated Press"in, Fransanın Prezident ofisinin, "Le Figaro" və "Le Monde" qəzetlərinin olduğunu vurğulayıb.
Azərbaycanın Qoşulmama Hərəkatında sədrlik məsələsinə toxunan dövlət başçısı qeyd edib ki, 4 il ərzində 80-dan artıq ölkəyə köməklik edilib: "Biz dörd il ərzində Qoşulmama Hərəkatında sədrlik etdik, təşkilatda 120 ölkə var. Biz COVID dövründə müxtəlif vəziyyətlərdə üzv dövlətlərə dəstək verirdik. Humanitar və maliyyə yardımına gəldikdə, 80-dən artıq ölkəyə kömək etdik. Eyni zamanda biz Avropadakı tərəfdaşlar ilə fəal əlaqələri saxlayırdıq. Bütün bunlar bir növ Qlobal Cənub ilə Qlobal Şimal arasında körpülərin salınmasına bənzəyirdi".
Ermənistan-Azərbaycan prosesinə gəldikdə, dövlət başçısı bəyan edib ki, biz işğal illərini yaddan çıxara bilmərik və çıxarmayacağıq: "Azərbaycan xalqının çəkdiyi əzab-əziyyətləri və Ermənistanın təcavüzünün məhz bizə verdiyi ziyanı bilirik. Biz azad olunmuş ərazilərimizdə görürük ki, barbarlığın səviyyəsi nə yerdədir. Bütün şəhərlər, kəndlər yerlə-yeksan olunub və onlar bizim kəndlərimizə, şəhərlərimizə, bizim dinimizə və tarixi irsimizə qarşı bilərəkdən belə hərəkətlər etmişlər. 65 məscidi dağıtmışdılar. Xocalı soyqırımında 613 insan - 100-dən artıq qadın, o cümlədən 60 uşaq qətlə yetirilmişdir. Lakin biz gələcəyə baxmalıyıq. Biz Cənubi Qafqazda sülh qurmalıyıq. Azərbaycan sülh prosesinə bağlıdır və əslində, həmin sülh müqaviləsinin müəllifidir. Sülh müqaviləsi Ermənistanla Azərbaycan arasında müzakirə edilir və demək olar bəndlərin artıq əksər hissəsi razılaşdırılıb. Biz beynəlxalq hüquq əsasında öz ləyaqətimiz üçün mübarizə apardıq. BMT-nin Təhlükəsizlik Şurasının qətnamələri 27 il kağız üzərində qaldı. Əgər biz öz torpaqlarımızı güc vasitəsilə azad etməsəydik, növbəti 27 il də belə qalacaqdı".
Dövlətimizin başçısı vurğulayıb ki, bəzən sülhə nail olmaq, ədaləti bərpa etmək üçün gücdən istifadə etməlisiniz: "Biz görürük ki, bu gün Avropa İttifaqı daha güclü hərbi potensial qurmaq üçün siyasətini necə dəyişir. Biz görürük ki, bəzi ölkələr öz resurslarını hərbi potensialının, infrastrukturunun gücləndirilməsi üçün sərf edir. Biz bunu ən azı 20 ildir edirik - 2005-ci ildən etibarən. Həmin vaxtdan etibarən güclü ordu yaratdıq. O ordu əraziləri azad etdi, separatçılığa son qoydu və beləliklə, ölkəmizin ərazi bütövlüyü, suverenliyi tam bərpa olunub. Bu, nəinki Azərbaycan xalqının güclü iradəsinin təzahürüdür, o cümlədən bu, beynəlxalq ədaləti nümayiş etdirir".
Ermənistanın silahlanması məsələsinə toxunan dövlət başçıqı bildirib ki, Ermənistana təchiz olunan məhvedici silahlar bizə qarşı yönəlir: "Bəlkə də onlar bu gün başqa yerlərdə lazımlı olar. Amma o silahlar Ermənistana göndərilir. Avropanın monitorinq missiyası, əslində, Avropa İttifaqının kəşfiyyat missiyasıdır. Onlar gecə-gündüz casus kimi bizim sərhədlərimizdə dayanırlar, baxırlar ki, bəlkə haradansa bir yerdən girə bilsinlər. Bizim də kifayət qədər kəşfiyyat məlumatımız var belə dırnaqarası monitorinq missiya haqqında".
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında onilliklərlə erməni diasporunu dəstəkləyən korrupsiyaya uğramış siyasətçilərdən də danışıb: "Biz bu məsələləri Ermənistan nümayəndələri ilə, onların Brüsseldə əyləşən yeni rəhbərləri ilə qaldırırıq. İndi onlar böyük qardaşını dəyişiblər. İndi həmin o böyük qardaş Brüsseldir. Prezident Tramp Dövlət Departamentində belə bir addım atdı ki, USAID ləğv olundu, korrupsiyaya uğramış siyasətçi Robert Menendes də cəzalandırıldı. Amma o, sonuncu olmalı deyil. Yəni, necə deyərlər, bir qaranquşla bahar olmaz? Çünki onlar pulları onlardan alıb ciblərinə qoyurlar. Məsələn, cənab Adam Şif, cənab Frank Pallone, xanım Nensi Pelosi və bir çox digərləri. Onlar onilliklərlə erməni diaspor təşkilatlarından ABŞ-da o pulları alırdılar ki, Azərbaycana hücum çəksinlər, gözdən salsınlar. Antoni Blinkenin siyasəti, əslində, ABŞ-Azərbaycan münasibətlərini heçə endirdi. Biz onilliklərlə həmin münasibətləri qururduq. Biz ABŞ-la etibarlı, yaxın tərəfdaş idik və onlar bizimlə idi, biz onlara lazım olanda, biz onlarla idik. İraqa gəldikdə biz, bəli, Əfqanıstana gəldikdə, bəli. Biz qeyri-NATO ölkəsi olaraq 2020-ci ildə Əfqanıstandakı əməliyyatlara qoşulduq və biz sonuncu (oranı - red.) tərk edən tərəf olduq", - deyən dövlətimizin başçısı vurğulayıb ki, lakin biz çıxandan sonra onlar bizə sanksiya tətbiq etdilər və bu, Azərbaycanda böyük məyusluq yaratdı".
Alim