Dost Azərbaycana rəsmi səfərim zamanı isti münasibəti hiss etdim - Qordana Silyonovska-Davkova

Ölkələrimizi birləşdirən başqa bir cəhət də var. Azərbaycan odlar diyarıdır. Mən də həmçinin günəş ölkəsindən gəlmişəm və günəş, Makedoniyalı şairlərimizdən birinin qeyd etdiyimi kimi, insanın qızdıra biləcəyi ən qədim oddur.

Olaylar.az xəbər verir ki, bunu Şimali Makedoniya Prezidenti xanım Qordana Silyonovska-Davkova XII Qlobal Bakı Forumunun açılış mərasimində söyləyib.

"Mən dost Azərbaycan Respublikasına rəsmi səfərim zamanı son bir neçə gün ərzində bu istiliyi hiss etdim. Səmimi qonaqpərvərliyə görə, cənab Prezident İlham Əliyev, Sizə təşəkkür edirəm", - deyə xanım Qordana Silyonovska-Davkova söyləyib.

Qeyd edək ki, XII Qlobal Bakı Forumu 13-15 mart tarixlərində keçirilir. Forum Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən "Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi" şüarı altında təşkil olunub.

Tədbir çərçivəsində qlobal geosiyasi dəyişikliklər, çoxtərəfli yanaşma, qlobal səhiyyə böhranı, bərpa və dünyanın regional sabitliyi, COP29 və digər vacib qlobal məsələlər müzakirə olunacaq.

Forum 60-dan çox ölkədən 300-dən artıq dünya liderini bir araya gətirəcək. Onların sırasında həmçinin 25-dən çox sabiq prezident, 15-dən çox keçmiş baş nazir, BMT və beynəlxalq agentliklərin təxminən 10 rəhbəri, həmçinin 25-dən çox keçmiş nazir və nazir müavini yer alacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31