Forum geniş fikir müxtəlifliyini təmsil edən insanları bir araya gətirib - Latviyanın sabiq Prezidenti
14:06 SiyasətQlobal Bakı Forumu mümkün qədər geniş fikir müxtəlifliyini təmsil edən insanları neytral və mehriban bir mühitdə bir araya gətirərək, onların dünyanın qlobal çağırışları ilə bağlı fikir mübadiləsi aparmasına imkan yaradır.
Olaylar.az xəbər verir ki, bunu Latviyanın sabiq Prezidenti Vayra Vike-Frayberqa XII Qlobal Bakı Forumunun açılış mərasimində söyləyib.
"Forumda enerji, səhiyyə, beynəlxalq əlaqələr və hamımızın yaşadığımız informasiya məkanına inam məsələlərinə toxunulacaq," - deyə Latviyanın sabiq Prezidenti söyləyib.
Qeyd edək ki, XII Qlobal Bakı Forumu 13-15 mart tarixlərində keçirilir. Forum Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən "Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi" şüarı altında təşkil olunub.
Tədbir çərçivəsində qlobal geosiyasi dəyişikliklər, çoxtərəfli yanaşma, qlobal səhiyyə böhranı, bərpa və dünyanın regional sabitliyi, COP29 və digər vacib qlobal məsələlər müzakirə olunacaq.
Forum 60-dan çox ölkədən 300-dən artıq dünya liderini bir araya gətirəcək. Onların sırasında həmçinin 25-dən çox sabiq prezident, 15-dən çox keçmiş baş nazir, BMT və beynəlxalq agentliklərin təxminən 10 rəhbəri, həmçinin 25-dən çox keçmiş nazir və nazir müavini yer alacaq.