Paşinyanın yeni siyasi manevri– ÖZƏL

"Paşinyan ölkənin konstitusiyasını dəyişəcəyi ilə bağlı verdiyi bəyanatın üzərində ilk növbədə ölkə daxilində siyasətə yönəlik gediş edir. Bunun  Azərbaycanın tələbi ilə bağlı olmadığını xüsusi vurğulamaqda da Paşinyanın məqsədi var. Bununla o, ölkəsinin müstəqil ölkə olduğunu nümayiş etdirir. Eyni zamanda ölkədaxili müxalifətin onun əleyhinə ciddi hücum arqumentlərindən birini əllərindən almaq istəyir. Çünki müxalifət çoxdandır ki, Paşinyana qarşı "səni rəsmi Bakıdan prezident İlham Əliyev idarə edir" kimi ittihamlar səsləndirir. Bu mənada onun "konstitusiyanı Bakının tələbi ilə dəyişmirik" deməsi ölkədaxili siyasi maraqlara hesablanmış gedişdən başqa bir şey deyil".

Bu fikirləri siyasi şərhçi Aydın Quliyev Olaylar.az-a açıqlamasında bildirib:

"Bu bəyanatdan konstitusiyadakı dəyişikliklərlə bağlı iki məqam çıxarmaq olar. Birinci, çox güman ki, Paşinyan əvvəlcə  konstitusiya dəyişikliyində ciddi bir mahiyyət dəyişikliyinin ola bilməyəcəyinə işarə vurur ki, yəni bizim daxili mənafelərimiz konstitusiyanı ancaq bu həddə qədər dəyişməyi tələb edir ki, bu da Azərbaycanı narahat eləyən və Azərbaycanın istədiyi dəyişikliklərdən imtinanın bir formasıdır. İkincisi,  çox az ehtimal olunan  məsələ budur ki, Paşinyan Konstitusiyadan Azərbaycana qarşı ərazi iddiaları müddəalarını çıxardacaq. Lakin ikinci versiya olduqca zəifdir. Çünki Paşinyan daha əvvəllər də bəyan edib ki, biz Konstitusiya Məhkəməsinin qərarı ilə konstitusiyamızda  Azərbaycana qarşı ərazi iddialarının olmadığını təsdiqləmişik. Sülh sazişi imzalanandan sonra Konstitusiya Məhkəməsi sülh sazişinin mətnində  Azərbaycana qarşı ərazi iddialarının ola biləcəyi qənaətinə gəlsə, onda biz konstitusiyanın dəyişdirilməsinə yenidən qərar verəcəyik. Bu isə o deməkdir ki, Paşinyan  Azərbaycanla sülh sazişinə qədər konstitusiyanı əhəmiyyətli dərəcədə dəyişmək fikrində deyil. Onun konstitusiyanın üzərindəki əməliyyatları ancaq Ermənistanın yeni milli ideologiyasını təsdiqlətmək və bəzi kosmetik dəyişikliklər aparmaq, eyni zamanda özünün ölkə daxilində siyasi mövqeyini gücləndirmək məqsədi daşıyır. Çünki  Paşinyan seçkiyə hazırlaşır. Bu seçkiyə hazırlıq prosesində  Azərbaycanı razı salmaq onun hədəfi ola bilməz. Onun əsas hədəfi ölkə daxilində ictimaiyyətin ona olan hikkəsinin qarşısını almaq və seçkini udmaqdır. Bunu isə o halda udmaq mümkündür ki, o, konstitusiyaya özünün siyasi hakimiyyətini və avtoritetini möhkəmləndirən müəyyən addımlar salsın. Bu mənada  Ermənistan konstitusiyasında dəyişikliklərdən, Azərbaycana qarşı ərazi iddialarının götürüləcəyini gözləmək ehtimalı çox zəifdir. O ehtimal daha güclüdür ki, Paşinyan konstitusiya dəyişikliklərini ancaq özünün baş nazir səlahiyyətlərini daha da gücləndirmək və yaxud da  Ermənistanın daxili idarəçilik modelini dəyişmək üçün istifadə etsin".

Zeynəb Rzayeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31