Oqtay Qasımov: Angela Merkelin fikirləri tamamilə haqlıdır– ÖZƏL
11:57 SiyasətAlmaniyanın keçmiş kansleri Angela Merkel Rusiya Prezidenti Vladimir Putini suveren ölkəyə hücumda ittiham edib.
Onun sözlərinə görə, Kreml rəhbəri nəinki beynəlxalq hüququ pozub, həm də İkinci Dünya müharibəsindən sonrakı dünya düzənini məhv edib.
Siyasi şərhçi Oqtay Qasımov Olaylar.az-a açıqlamasında bildirib ki, Angela Merkelin Ukrayna-Rusiya müharibəsi ilə bağlı fikirləri tamamilə doğrudur.
Onun sözlərinə görə, İkinci Dünya müharibəsindən sonra Avropada təxminən 80 il mövcud olmuş təhlükəsizlik sistemi artıq çöküb. "Rusiya Avropanın ən böyük ölkələrindən biri olan qonşu Ukraynaya hücum edib, onun ərazi bütövlüyünü pozmağa yönələn addımlar atır. Bu savaş işğal xarakteri daşıyır və müstəqil bir dövlətin ərazilərinin zəbt edilməsi deməkdir. Eyni zamanda, bu müharibə təkcə regional deyil, qlobal miqyasda da ciddi təsirlərə səbəb olub və İkinci Dünya müharibəsindən sonra mövcud olan nizamı faktiki olaraq dağıdıb," - deyə siyasi şərhçi vurğulayıb.
Oqtay Qasımov qeyd edib ki, xüsusilə də Donald Trampın hakimiyyətə gəlməsindən sonra, 1945-ci ildən bəri formalaşmış təhlükəsizlik arxitekturasının çökməsi daha qabarıq şəkildə müşahidə olunub. "Ukraynanın ərazi bütövlüyü pozulub və hazırda işğalçı tərəf - Rusiya, ələ keçirdiyi ərazilərin rəsmi şəkildə tanınmasını tələb edir ki, bu da tamamilə qəbuledilməzdir," - deyə o əlavə edib.
Zeynəb Rzayeva