Dünyanın bir çox ölkələri Azərbaycanın təcrübəsindən öyrənirlər- ÖZƏL

"Tarixən Balkan yarımadası "qoca qitə" olan Avropanın mərkəzi, "göbəyi" sayılıb. Avropa, Asiya və Afrikanın qovşağında yerləşdiyindən  belə hesab ediblər ki, Balkanlarda nüfuz qazanan dövlət bu regionda strateji üstünlüklər də əldə edir. Son illərdə cənab Prezidentimiz İlham Əliyevin liderliyində Balkan ölkələri ilə əməkdaşlığın genişləndirilməsi  ikitərəfli münasibətlər çərçivəsini aşır, daha geniş məna daşıyır. Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkovanın ölkəmizə rəsmi səfəri həm də bu baxımdan əhəmiyyətlidir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclis sədrinin müavini Musa Qasımlı deyib: "Cənab Prezidentimizin mediaya  bəyanatında söylədiyi fikirlər ikitərəfli münasibətlərin bu günkü vəziyyətini və perspektivlərini göstərir. Hər şeydən əvvəl, iki ölkə energetika sahəsində əməkdaşlığa başlayıb. Azərbaycan qazı artıq Şimali Makedoniyanın bazarına çatdırılıb. Avropa Azərbaycan təbii qazına möhtacdır.Əvvəllər müxtəlif beynəlxalq təşkilatlarda işləmiş və fəaliyyətində mədəniyyət diplomatiyasının gücünə inanan Şimali Makedoniyanın Prezidenti Qordana Silyanovska-Davkovanın "ölkəniz müsəlman Şərqində ilk cümhuriyyət qurmuşdur, eləcə də ilk opera, ilk filarmoniya məhz burada yaradılmışdır. Bu ölkə öz zəngin mədəniyyəti ilə seçilir" - deməsi dünya mədəniyyəti quran millətimizin zəngin, qədim tarixi və mədəni irsinə, Azərbaycanın beynəlxalq məsələlərdə çox fəal olmasının vurğulanması isə dünya işlərində cənab Prezidentimizin fəaliyyətinə verilən qiymətdir. 
     Şimali Makedoniya Prezidentinin söylədiyi belə bir fikir Azərbaycan dövlətinin nailiyyətlərinin dünya üçün nə qədər əhəmiyyətli olduğunu göstərir: "...sizin nailiyyətləriniz sayəsində biz gələcək əməkdaşlığımızı davam etdirə bilərik." Səfər  sübut etdi ki, dünyanın bir çox ölkələri Azərbaycanın təcrübəsindən öyrənirlər. Bu isə dövlətlərin və xalqların həyatında Liderin necə vacib rol oynamasının nümunəsidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31