Elçin Xalidbəyli: "Avropa Birliyi ölkələrinin Türkiyə olmadan təhlükəsizliklərini təmin etməsi asan məsələyə oxşamır" – ÖZƏL

Bəzi ekspertlər rəsmi  Ankaranı Avropanın nicatı kimi dəyərləndirir. Türkiyə həqiqətən Avropanın nicatına çevrilib, yoxsa bu, şişirdilmiş bir yanaşmadır?

Mövzu ilə bağlı siyasi şərhçi Elçin Xalidbəyli Olaylar.az-a açıqlama verib. Siyasi şərhçi bildirib ki, Avropa Birliyi Türkiyənin hərbi-sənaye Kompleksini müdafiə sisteminə inteqrasiya etməklə təhlükəsizliyini gücləndirmək və ya Fransanın maraqlarına güzəştə gedərək risk altında qalmaq arasında seçim etməlidir:

"Türkiyə Avropa məkanının ən güclü dövlətlərindən biridir. Hətta hərbi potensial baxımından qoca qitənin ən güclü dövləti hesab oluna bilər. Bunu Avropa dövlətləri də dolayısı ilə etiraf edirlər. Ancaq antitürkiyə yanaşması Avropa dövlətlərinə Türkiyə ilə daha intensiv və yaxın münasibətlər qurmaqda çətinlik törədir. Türkiyə Avropa Birliyinin tərkibinə daxil olmaqda maraqlıdır. Ancaq Türkiyənin əhalisinin sayı və eyni zamanda Türkiyənin qlobal məkandakı qüdrəti Avropa ölkələrini narahat edir. Xüsusilə də Fransa Türkiyənin Avropa məkanında hegemon mövqelər tutmasında qətiyyən maraqlı deyil. Buna müqavimət göstərir. Nəyin bahasına olursa olsun, Türkiyəni Avropa Birliyindən kənarda saxlamağa çalışır. Çünki əgər Türkiyə Avropa Birliyinə üzv qəbul olunarsa, bu qurumun aparıcı dövlətləri sırasında yer alacaq. Fransa isə Türkiyə kimi bir rəqibin Avropa Birliyi məkanında yerləşməsini istəmir. Ancaq Avropada baş qaldırmış təhlükəsizlik problemləri ilə bağlı xof situasiyanı nisbətən dəyişməyə başlayıb. Avropa Birliyi üzv dövlətlərin hərbi potensialının artırılması məqsədilə nəhəng maliyyə vəsaitləri ayırıb və bu vəsaitləri kredit olaraq vermək niyyətindədir. Ümumi anlaşma hazırda iki variant üzərindədir. Variantlardan biri ondan ibarətdir ki, Almaniya təklif edir ki, Avropa Birliyinin ayırdığı müdafiə vəsaitinin xərclənməsində Türkiyənin də iştirakına imkan yaratmaq lazımdır. Yəni Türkiyə hərbi-sənaye Kompleksinin istehsal etdiyi silahların da idxalına yer verilməlidir. Ancaq Fransa buna qarşı sərt şəkildə müqavimət göstərir. Hesab edir ki, Avropa Birliyinin hərbi vəsaitləri birbaşa Fransa Hərbi Sənaye Kompleksinin istehsal etdiyi hərbi texnikanın alınması üçün istifadə olunmalıdır. Yəni Avropa Birliyi məkanının hərbi təhlükəsizlik məsələsində belə Fransa yalnız öz maraqlarını güdür və faktiki olaraq ayrılmış vəsaitin təkcə Fransaya yönəldilməsində israr göstərir. Bu baxımdan Türkiyənin önəmi, qüdrəti və qlobal məkandakı siyasi iradəyə sahib olması Avropa Birliyində qəbul olunur. Ancaq Fransa Avropa Birliyinin təhlükəsizlik sistemində Türkiyəyə yer ayrılmasını qəbul etmək istəmir və buna bütün vasitələrlə müqavimət göstərir. Bütün bu məsələlərlə bağlı yaxın həftələrdə yekun qərarın veriləcəyi gözlənilir. İndi Avropa Birliyi öz gələcək taleyi ilə bağlı prinsipial qərar verməlidir. Ya güclü və yüksək döyüş qabiliyyətli ordusu olan Türkiyəyə də Avropanın təhlükəsiz sistemində yer ayrılması ilə daha etibarlı bir müdafiə sisteminin qurulmasına nail olacaqlar, ya da Fransanın qərəzli və yalnız öz mənfəətinə yönəlik iddiaları qarşısında geri çəkilərək Avropa Birliyi məkanının hərbi təhlükəsizlik sistemini böyük risk altında buraxmış olacaqlar. Bu barədə qərarın necə olacağı yəqin ki, ən yaxın günlərdə aydınlaşmış olacaq".

Elçin Xalidbəyli qeyd edib ki, Türkiyə Avropasız təhlükəsizliyini təmin edə bilər, amma Avropa Türkiyəsiz çətinliklə qarşılaşacaq.

"Türkiyə öz təhlükəsizliyini Avropa ölkələri olmadan da təmin etmək imkanındadır. Amma Avropa Birliyi ölkələri üçün Türkiyə olmadan öz təhlükəsizliklərini təmin etmək o qədər də asan başa gələcək məsələyə oxşamır. Çünki Fransa hərbi-sənaye Kompleksinin istehsal etdiyi hərbi texnikanın müasir tələblərdən xeyli geri qaldığını Avropa Birliyi ölkələri də çox dəqiqliklə bilirlər. Ancaq buna paralel olaraq Türkiyə hərbi-sənaye Kompleksinin istehsal etdiyi ən müasir hərbi texnika hazırda dünya silah bazarında öncül yerlərə iddia edir. Yəni Türkiyənin əhəmiyyətini vaxtında dərk etməzlərsə, bu, Avropa Birliyinin özü üçün ciddi problemlər yarada biləcək bir məsələ olacaq".

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31