Trampı daha çox Türkmənistan qazı maraqlandırır- Turab Rzayev- ÖZƏL
10 Mart 18:48 SiyasətABŞ prezidenti Donald Trampın, Rusiya-Ukrayna müharibəsini tez bitirməyə çalışarkən Xəzər neftinə maraq göstərdiyi iddia edilir. Mətbuata görə, Tramp regiona "Ağ Evin xüsusi nümayəndəsi" təyin etməklə Xəzərdə enerji sazişləri imzalaya bilər. Bu addım, ABŞ-ın regiondakı enerji resurslarını qorumağa və geopolitik təsirini gücləndirməyə yönəlik ola bilər, çünki Xəzər, neft və qaz ehtiyatları baxımından strateji əhəmiyyət daşıyır.
Mövzu ilə bağlı politoloq Turab Rzayev Olaylar.az-a açıqlama verib. Politoloq bildirib ki, Trampı daha çox Türkmənistan qazı maraqlandırır:
"Bu ABŞ siyasəti üçün yeni deyil. ABŞ-nin həmişə Mərkəzi Asiyaya marağı olub. Eyni zamanda Mərkəzi Asiyanın işlədilməməsi, xam bir region olması bura olan marağı daha da artırır. Hətta mərhum Bjezinski öz əsərlərində açıq şəkildə Mərkəzi Asiyanı enerjili, neftlə dolu bir şüşə qaba bənzədirdi. Deyirdi ki, Azərbaycan ona açılan vasitədir. Bu məsələdə Azərbaycan xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Mərkəzi Asiyanın geniş enerji bazarına, enerji resurslarına qərb üçün bir pəncərədir, yoldur. Düşünürəm ki, Qazaxıstan neftini daha çox ABŞ şirkətləri istifadə edir. Onlar nefti məcburdurlar ki, Rusiya üzərindən aparsınlar. Çünki başqa yol yoxdur. Qazaxıstan bu müharibənin başlamasından sonra neftin müəyyən hissəsini Azərbaycan üzərindən aparmağa başlayıb. Rusiya-Ukrayna müharibəsi Qazaxıstan neftinin daşınmasına təsir göstərir. Dəfələrlə Ukrayna tərəfindən atılanlar Qazaxıstanşn neft borularının yaxınlığına düşüb, hətta zərər verdikləri də var. Ola bilsin ki, bu münaqişəni bitirməklə Qazaxıstandan gələn nefti tam təhlükəsiz təmin etmək, neftin həcmini artırmaqdır. Trampı daha çox Türkmənistan qazı maraqlandırır. Türkmənistanda qaz yataqları var, amma tam istifadə edilmir. Çünki Rusiya hazırda öz qazını sata bilmir , Çin qazı çox ucuza alır, daşımaq bahalıdır və çox vaxt valyuta əvəzi məhsulla almağa çalışırlar. Bu Xəzər qaz kəmərinin dəyərini daha da artırır. Türkmənistan Rusiya ilə anlaşmalar uğurlu deyil və limitlidir. Ehtimal ki, Türkmənistandan Azərbaycana 50 milyard kubmetr ötürcü gücü olan boru çəkilə bilər . Və bu artıq Avropanın enerji təminində əhəmiyyətli rol oynaya bilər. Əvvəllər belə bir layihə var idi amma Avropa ölkələri həm Rusiya ilə siyasi toqquşmaların olmamağı üçün, həm maliyyə problemlərini bəhanə edib həyata keçirmədilər. Düşünürəm ki, Tramp olduğu zaman da bu məsələ həll oluna bilər. Həm Rusiyadan kənar Avropa enerji ilə təmin oluna bilər, həm də artıq Türkmən qazı Avropa da yer tapa bilər. Qazaxıstanda təkcə neft , qaz yox, həm də qızıl, metal, uran yataqları var. Avropanın uran yataqlarının üçdə birini Rusiya ödəyirsə, üçdə birini Qazaxstan ödəyir. Əgər Trampın Mərkəzi Asiyaya açılmaq planı varsa, düşünürəm ki, çox uğurlu plan olar və regionun sürətli inkişafına səbəb olar".
Zeynəb Mustafazadə