Heydər Əliyevin Moskvada abidəsinin ucaldılması Azərbaycan və Rusiya üçün mühüm mədəni-humanitar hadisə olacaq - Rusiya XİN
6 Mart 20:51 SiyasətQarşıdakı zamanda Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin Moskvada abidəsinin ucaldılması Azərbaycan və Rusiya üçün mühüm mədəni-humanitar hadisəyə çevriləcəkdir.
Olaylar xəbər verir ki, bu barədə bu gün brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova deyib.
"Biz ölkəmizdə bu parlaq, qeyri-adi, istedadlı şəxsiyyətə, dövlət xadiminə böyük ehtiramla yanaşır, xatirəsini qoruyub saxlayırıq", - o bildirib.
Zaxarova xatırladıb ki, 2023-cü ildə Moskvada və Rusiyanın digər şəhərlərində Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı anım tədbirləri keçirilib.
"Qarşıdakı zamanda abidənin ucaldılması ölkələrimiz üçün mühüm mədəni-humanitar hadisə olacaqdır", - o bildirib.
Xatırladaq ki, Moskvada ölkəmizin Rusiyadakı səfirliyinin yaxınlığındakı xiyabanda Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin abidəsinin təməlqoyma mərasimi keçirilib.
Xatirə lövhəsində deyilir: "Burada iki dəfə Sosialist Əməyi Qəhrəmanı, görkəmli dövlət və siyasi xadim, Nazirlər Sovetinin Baykal-Amur magistral yolunun tikintisi və inkişafı Komissiyası sədrinin abidəsi ucaldılacaq".
Tədbirdə Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev, Moskva şəhərinin meri Sergey Sobyanin, Rusiya Baş nazirinin müavini Vitali Savelyev, Baykal-Amur magistralı tikintisinin veteranları, SSRİ Nəqliyyat Nazirliyinin keçmiş əməkdaşları və başqaları iştirak ediblər.