Rusiya -Ukrayna savaşı Avropanı hərbi potensialına yenidən baxmağa məcbur edir – Elmir Səftərov – ÖZƏL

Avropa İttifaqınin  silahlanmaya 800 milyard avro ayırmağı hədəfləməsi  ilə   bağlı siyasi şərhçi Elmir Səftərov Olaylar.az-a  bildirib ki, Rusiya-Ukrayna müharibəsi və ABŞ-nin Avropanın təhlükəsizliyini təmin etməkdə maraqlı olmaması Avropa İttifaqının hərbi potensialını gücləndirmək məcburiyyətinin artmasına səbəb olur:

"Ümumavropa ordusu ideyası "Soyuq müharibə"dən bəri davamlı olaraq müzakirə edilsə də, reallaşmadı. Bu ideya 1990-cı illərdə Avropa İttifaqının (Aİ) yaranması ilə yenidən gündəmə gəldi, lakin ABŞ-ın maraqlarına zidd olduğu üçün və NATO-ya sadiqlik məsələsi səbəbindən öz həllini tapmadı. Rusiya- Ukrayna müharibəsi isə Avropanın müdafiə sənayesinin acınacaqlı vəziyyətini, eləcə də onların  ABŞ-dən asılılığını açıq formada ortaya qoydu. Donald Trampın ikinci dəfə hakimiyyətə gəlişi  ABŞ-nin Avropanın təhlükəsizliyinin təminatçısı kimi çıxış etməkdə maraqlı olmadığını göstərdi, daha çox onları ciddi səy göstərməyə məcbur buraxdı. Bununla da tərəflər anladı ki, Avropanın hərbi konsepsiyasına ciddi şəkildə yenidən baxmağın vaxtı çatıb, hətta gecikiblər.  
Donald Trampın liderliyi ilə dövlətin prioritetlərinin dəyişməsi fonunda  ABŞ-nin Avropaya müdafiə dəstəyini azaltması ehtimalları, həmçinin Avropanın təhlükəsizlik mühitinin pisləşməsi müttəfiqləri öz müdafiələri üçün daha çox məsuliyyət daşımağa vadar etdi və həyəcan təbili çaldı. Avropa İttifaqı və onun üzv ölkələri isə təhlükəsizlik məsələlərinə görə hərbi potensiallarını gücləndirmək üçün böyük təzyiq altına düşdülər. Ukrayna-Rusiya savaşı isə Avropanın hərbi potensialına yenidən baxmağa məcbur edən hadisə oldu".

Elmir Səftərov əlavə edib ki, Avropa İttifaqı ABŞ-nin dəstəyi olmadan Rusiyaya qarşı öz müdafiə qabiliyyətini gücləndirmək və müdafiə xərclərini artırmaq üçün təcili addımlar atmağa çalışır, çünki Trampın hakimiyyətə qayıdışı onların NATO-ya olan etibarını zəiflədib:"Avropa İttifaqının "Avropanı Silahlandırmaq" proqramının əsas prioriteti Ukraynaya dəstəyi davam etdirmək, bundan əlavə ABŞ ilə və ya  ABŞ-siz Rusiyaya qarşı özünün müdafiə qabiliyyətini gücləndirməyə çalışmaqdır. Çünki onlar belə düşünür ki, əgər hərbi cəhətdən güclənməsələr növbəti qurban ola bilərlər. Lakin qısa müddətdə  ABŞ-nin yerini doldurmağın və onu əvəz etməyin də çətin olacağını hesablayıblar.   
Təhlükəsizliklə bağlı həyəcan təbili çalan  Avropa liderləri öz siyasətlərini mövcud qlobal dəyişikliklərə uyğunlaşdırmaq üçün müttəfiqlərini ayağa qaldırmağa  və əllərini daşın altına qoymağa çağırırlar. Mövcud vəziyyət isə Avropa liderlərini müdafiə xərclərini artırmaq üçün böyük təzyiq altına salır, çünki Donald Trampın hakimiyyətə qayıdışı onların bir çoxunu onilliklər ərzində etdikləri kimi NATO vasitəsilə ABŞ-nin müdafiəsinə arxalana biləcəklərinə əmin ola bilməyəcəklərinə inandırıb".

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31