Azərbaycan-Rusiya münasibətlərində yumşalma: Kreml yeni strategiyaya keçid edir? – ÖZƏL
16:49 SiyasətSon günlər Azərbaycan və Rusiya arasında mövcud gərginlikdə bir qədər yumşalma müşahidə olunur. Tərəflər bir-birinə qarşı sərt ritorikadan çıxış etmirlər.
Məlum olduğu kimi, bir müddət əvvəl Çeçenistanın rəhbəri Ramzan Kadırov 2024-cü ilin dekabrın 25-də qəzaya uğrayan AZAL-a məxsus "Embraer E190" sərnişin təyyarəsinin ekipaj üzvlərini "Çeçenistan Respublikası qarşısında xidmətlərinə görə" medalları ilə təltif edib.
Çeçenistanla bağlı məlum gəlişmə Rusiyanın Azərbaycan qarşısında geri çəkilməsi kimi qəbul edilə bilərmi?
Mövzu ilə bağlı siyasi şərhçi Elçin Xalidbəyli Olaylar.az-a danışıb. O bildirib ki, Rusiya-Azərbaycan münasibətlərinin gərginləşməsinin əsas səbəbi Rusiyadakı imperialist dairələrin və Ermənistan lobbisinin təzyiq siyasətidir:
"Əslində Rusiya və Azərbaycan münasibətlərinin normal məcrada inkişaf etməsi hər iki tərəf üçün olduqca əhəmiyyətlidir. Ancaq Rusiyada bəzi qüvvələr bunu qətiyyən istəmirlər. Xüsusilə də imperialist yanaşma tərzinə sadiq qalan Rusiya siyasi dairələri, eləcə də Ermənistan lobbisi ilə bağlı olan siyasi dairələr Azərbaycana qarşı daha sərt ritorikanın və təzyiq kampaniyasının tərəfdarı kimi çıxış edirlər. Yəni iki ölkənin arasında münasibətlərin gərginləşdirilməsinin əsas səbəbləri Azərbaycanda deyil, Rusiyada yerləşir. Rusiya əgər AZAL-ın sərnişin təyyarəsinin Rusiya səmasında vurulmasından sonra Beynəlxalq Hüquqa uyğun şəkildə davranmış olsaydı, eyni zamanda müttəfiqlik fəaliyyəti barədə saziş imzaladığı Azərbaycanla qarşılıqlı münasibətlərin tələblərinə uyğun şəkildə davranmış olsaydı, bu problemlər təbii ki, Rusiya və Azərbaycan arasında qətiyyən yaşanmazdı. Ancaq Kreml yenə də imperialist düşüncə tərzini ön planda saxlamış oldu və nəticədə Azərbaycan və Rusiya arasında münasibətlərin gərginləşməsi qaçılmaz xarakter aldı".
Siyasi şərhçi qeyd edib ki, Kreml anlayır ki, Azərbaycana təzyiq göstərmək imkanları məhduddur və münasibətlərin tamamilə pozulması Rusiyanın maraqlarına ciddi zərər vura bilər.
"İndi isə situasiya nisbətən dəyişməyə başlayır. Kreml anlayır ki, Azərbaycan Rusiya üçün əlçatmaz bir ölkədir. Azərbaycana təzyiq göstərmək üçün Rusiyanın elə bir ciddi təzyiq faktorları, mexanizmləri mövcud deyil. Azərbaycana qarşı sərt ritorika rəsmi Bakı tərəfindən analoji cavabla qarşılanır, eyni zamanda Azərbaycanı Rusiya ilə münasibətlərdə məsafə saxlamaq istiqamətinə yönəldir. Təbii ki, bu, Rusiyanın maraqlarına qətiyyən cavab vermir. Çünki Azərbaycan Rusiyanın iqtisadi, geopolitik, maraqlarında böyük önəm daşıyan bir ölkədir. Azərbaycanla münasibətlərin tamamilə korlanması Rusiyanın özünə zərər verə biləcək bir məsələdir".
Elçin Xalidbəyli əlavə edib ki, Kreml Ukrayna müharibəsinin uzanmasının iqtisadi zərərlərini nəzərə alaraq Azərbaycanı itirməmək üçün münasibətləri yumşaltmağa üstünlük verə bilər, lakin imperialist və ermənipərəst dairələrin təsiri bu prosesə mane ola bilər.
"Digər tərəfdən, Kremldə Ukrayna savaşının dayandırılmasına yönəlik böyük ümidlərdə müəyyən məyusluq ortaya çıxmağa başlayıb. Avropa ölkələri Tramp və Putinin sövdələşməsinə müqavimət göstərməyə başlayıblar. Xüsusilə də Zelenski hakimiyyəti Tramp və Putin sövdələşməsini tanımayacağını bəyanlayır. Yəni Tramp və Putinin sövdələşməsi artıq legitim xarakter daşımır. Belə ehtimallar daha çox ön plana çıxmağa başlayıb ki, Ukrayna savaşı hələ bir müddət uzana bilər. Müharibənin uzanması isə qətiyyən Rusiyanın maraqlarına uyğun deyil. Çünki savaşın davam etdiyi hər gün, hər həftə, hər ay Rusiya iqtisadiyyatına sarsıdıcı zərbələr vurur. Savaşın uzanma təhlükəsi Rusiyanı narahat etdiyinə görə Kreml hesab etməyə başladı ki, Azərbaycanı da itirmək olmaz. Azərbaycanı da Rusiyadan məsafə saxlamaq istiqamətinə yönəltmək ciddi səhvdir. İndiki situasiyada Azərbaycanın timsalında daha bir Rusiyadan dövlətin ortaya çıxmasını istəmədilər. Böyük ehtimalla bundan sonrakı mərhələdə əgər Kremldə praqmatik düşünməyə sadiq qalacaqlarsa Azərbaycanla münasibətlərin yumşaldılmasına və pozitiv istiqamətlərə yönəldilməsinə daha çox üstünlük verə bilərlər. Ancaq bu məsələdə Rusiyanın imperialist və ermənipərəst siyasi dairələrinin Kremlə təsir imkanlarının hansı səviyyədə rol oynayacağı isə başqa bir problemdir. Yəqin ki, yaxın vaxtlarda aydınlaşmağa başlaya bilər".
Səidə Ramazanova