Pakistanla əməkdaşlıq ölkəmiz üçün strateji əhəmiyyət daşıyır- ÖZƏL

"Azərbaycan və Pakistan bir çox beynəlxalq platformalarda eyni maraqlar sərgiləyən, öz fəaliyyətlərini koordinasiya edən, bir-birini bir çox məsələlərdə qeyd-şərtsiz dəstəkləyən dost ölkələrdir. İki ölkənin dövlət başçıları arasındakı dövri təmaslar daha sıx tərəfdaşlıq münasibətlərinin formalaşmasına zəmin yaradıb". "Olaylar " xəbər verir ki, bunu Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.
Deputatın fikrincə, bu zəmin əsasında hazırda ölkələrimiz arasında müdafiə, enerji, infrastruktur layihələrinin icrası, informasiya texnologiyaları, səhiyyə və digər sahələrdə əməkdaşlıq uğurla inkişaf edir. "Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin fevralın 24-də ölkəmizə səfərinin nəticələri də bunu deməyə əsas verir ki, iki dost ölkə arasında münasibətlər bundan sonra da şaxələnməkdə və dərinləşməkdə davam edəcək. Azərbaycan və Pakistan liderlərinin keçirdikləri təkbətək və geniş tərkibdə görüşlərdən sonra mətbuata bəyanatla etdiyi çıxışında Ölkə Prezidenti cənab İlham Əliyev bunu bir daha diqqət mərkəzinə gətirdi. Dövlət başçısı bəyan etdi ki, aparılan müzakirələrdə ölkələrimiz arasında sıx tərəfdaşlığın vacibliyi bir daha qeyd olunub, ölkələrimiz, xalqlarımız və təmsil etdiyimiz regionlar üçün Azərbaycan-Pakistan əməkdaşlığının strateji əhəmiyyəti bir daha vurğulanıb. Həmçinin iki ölkənin liderləri müasir dünyanın beynəlxalq gündəliyində duran çoxsaylı məsələləri müzakirə edərək bildiriblər ki, beynəlxalq münasibətlərin cari gedişatı ilə bağlı Azərbaycan və Pakistanın mövqeyi və baxışları tam üst-üstə düşür."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31