Freedom House kimi təşkilatlar dövlətlərin daxili işlərinə qarışır- İlyas Hüseynov - ÖZƏL

Freedom House-un "Dünyada Azadlıq 2025" hesabatına əsasən, 195 ölkə və 13 ərazi qiymətləndirilib. Nəticələrə görə, 85 ölkə və 1 ərazi azad, 51 ölkə və 4 ərazi qismən azad, 59 ölkə və 8 ərazi isə azad olmayan kateqoriyaya daxildir. Regionda yalnız Ermənistan və Gürcüstan qismən azad, Türkiyə, İran, Azərbaycan və Rusiya isə azad olmayan ölkələr sırasına daxildir.
Mövzu ilə bağlı politoloq İlyas Hüseynov Olaylar.az-a açıqlama verib. Politoloq bildirib ki, belə təşkilatların məqsədi dövlətlərin daxili işlərinə qarışmaqdır:

"Freedom House kimi təşkilatlar obyektivlikdən, reallıqdan uzaq hesabatlar dərc etməklə dövlətlərin daxili işlərinə qarışır və demokratiya indeksini müəyyənləşdirirlər. Bu dırnaqarası indeksdən maşa kimi istifadə olunur. Uzun müddətdir ki, bu siyasət davam etməkdədir. Biz yaxşı anlayırıq ki, Human Rights Watch, Freedom House, Amnesty International kimi təşkilatların məqsədi nədir. Əgər bizim regionda Türkiyə, İran, Azərbaycan və Rusiyanı azad olmayan ölkə adlandırırlarsa, ABŞ ştatlarına, Avropaya nəzər salsınlar. Necə olur ki, Cozef Baydenin  oğlu  çoxsaylı iqtisadi cinayətlər, hərbi əməliyyatlarda iştirak, şəxsi mənfəətin güdülməsi prosesini həyata keçirir, atası prezidentlik səlahiyyətlərinin bitməsinə bir neçə gün qalmış onu əfv edir və imkan vermir ki, ona qarşı cinayət təqibi başlanılsın. Bu demokratiyadırmı? 
Necə olur ki, ABŞ prezidenti Donald Tramp növbəti dövrə prezident seçilmədikdən sonra demokratlar Donald Trampın sosial şəbəkə hesabını bağlayırlar, imkan vermirlər Tramp özünə bəraət qazandırsın, özünü müdafiə eləsin,  arqumentlərini söyləsin.
Əlbəttə, bütün bu ikili standartlara biz uzun illərdir ki, şahidlik edirik. Biz bu qərəzli münasibəti artıq uzun müddətdir ki görürük. Buna hətta alışıb, immunitetimiz də yaranıb. Dövlətləri idarə edə bilmirlərsə, onların daxili və xarici siyasətlərinə təsir etmək gücündə deyillərsə, onları qeyri demokratik adlandırırlar. Demokratiya sammitləri keçirdirlər və özlərinə uyğun idarə olunan rəhbərləri bura dəvət edirlər və bu cür hesabatlar yaranır, müxtəlif reportlar hazırlanır".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31