Azərbaycan-Çin əməkdaşlığı: Orta Dəhliz və yaşıl enerjinin geosiyasi təsiri- ÖZƏL

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 20-də Davosda Çinin CGTN (China Global Television Network) telekanalına müsahibə verib. Dövlətimizin başçısının müsahibəsi fevralın 11-də bu televiziya kanalında yayımlanıb.

İlham Əliyev müsahibəsində  Orta Dəhliz və yaşıl enerji sahəsində görülən işlərdən də danışıb. O, Azərbaycanın dəniz ticarət limanı və dəmir yolu infrastrukturunu genişləndirdiyini, yükdaşıma həcmini 15 milyon tondan 25 milyon tona çatdırmağı planlaşdırdığını bildirib.
Prezident Çin hökumətinin "Bir kəmər, bir yol" təşəbbüsünün qlobal bağlantı və iqtisadi imkanlar yaratdığını qeyd edib. O, Azərbaycanın 2027-ci ilə qədər 2 giqavat, 2030-cu ilə qədər isə 6 giqavat yaşıl enerji istehsal etməyi hədəflədiyini vurğulayıb. Xarici və yerli investorların iştirak etdiyi bu layihələrdə Çin texnologiyalarından geniş istifadə olunduğunu bildirib.

Mövzu ilə bağlı siyasi şərhçi Natiq Miri Olaylar.az-a   bildirib ki, Orta Dəhliz bir ehtiyacdır və bu zaman Avropa ilə Asiyanı birləşdirəcək ölkə Azərbaycandır:

"Müxtəlif regionlarda Avropanın sərhədləri yaxınlığında Ukrayna- Rusiya müharibəsi, Yaxın Şərqdə HƏMAS, Livan, İsrail arasında müharibə, İsrail-İran qarşıdurması əlbəttə dünya ticarəti, nəqliyyat logistikası üçün problemlər yaradıb və belə bir vəziyyətdə əlbəttə Orta  Dəhliz çox ciddi bir alternativ olaraq düşünülür. Çünki bu bir ehtiyacdır və bu ehtiyacda əsas körpü rolunu oynayacaq, Avropanı Asiya ilə birləşdirəcək ölkə Azərbaycandır. Belə bir dəhlizdə dünya ticarətinin, dünya istehsalının ən öndə gedən iki dövlətindən biri Çinlə əməkdaşlıq, əlbəttə, bu, həm Azərbaycan iqtisadiyyatı baxımından, həm  Orta Dəhliz vasitəsilə daşınacaq yüklərin miqyası baxımından çox əhəmiyyətli məna daşıyır. Yəni bu əslində   Çin dövləti üçün Avropaya çatacaq ən qısa yol olmaqla bərabər,  təhlükəsiz və yaxın perspektivli bir nəqliyyat logistikasıdır. Qazanan tərəflərdən biri Çin olacaqsa, bu logistikada iştirak edən bütün dövlətlər, bütün mərkəzlər qazanacaq. Bir tərəfdə Çin, o biri tərəfdə Orta Asiyanın Qazaxıstan kimi ölkəsi və digər ölkələr və nəhayət Xəzər dənizi, Azərbaycan, Gürcüstan, Türkiyə və Avropa".

Siyasi şərhçi bildirib ki,  Azərbaycan Orta  Dəhliz layihəsinə böyük investisiyalar qoymaqla bərabər, həm də qazanan tərəflərdən biri olacaq.

"Eyni zamanda Aralıq dənizinə bir çıxış təmin ediləcək ki, bu da dünya ticarətinin tədricən böyük  ağırlığını özündə ehtiva edəcək. O baxımdan bu gün 5 milyon tona yaxın   yükdaşıma varsa, perspektivdə bunun 25 milyon tona yaxın qaldırılması nəzərdə tutulur və bunun üçün infrastruktura ehtiyac var. Azərbaycan da bu mərkəzlər içərisində ən əhəmiyyətli və buna hazır ölkələrdən biridir. İstər dəmiryol, istər dəniz nəqliyyatı, limanlar nöqteyi nəzərdən yüklərin boşaldılması kontekstində Azərbaycanın infrastrukturu inkişaf etmiş səviyyədədir. Bu məsələdə Azərbaycan da böyük investisiyalar qoymaqla bərabər, həm də qazanan tərəflərdən biri olacaq".

Natiq Miri qeyd edib ki, bu layihə bir çox ölkələrin geosiyasi maraqlarına uyğun gəlsə də, bəzi ölkələr bu məsələyə əngəl olmaq istəyir.

"Doğrudur, bu məsələyə əngəl olmaq istəyən bəzi geosiyasi mərkəzlər var. Başda da Amerika Birləşmiş Ştatları durur. ABŞ Orta Dəhlizin Mərkəzi Asiyadan başlayaraq Avropaya birləşdirilməsini istəyir. Yəni Çindən və Rusiyadan, İrandan yan keçən belə bir ticarət dəhlizinin formalaşmasını istəyir. Ancaq Azərbaycanın istəkləri ilə   Çinin istəkləri üst üstə düşür. Çünki bu layihə konkret geosiyasət uğrunda bir mübarizə deyil. Azərbaycanın istəyi "qazan" prinsipinə söykənir. Hər bir dövlət bu prosesdə iştirak edə və bunun üstünlüklərindən qazana bilər, ən azından tranzit keçidlərindən qazana bilər. Əslində Ermənistana təklif olunan dəhliz məsələsi ilə bağlı, yəni kommunikasiyaların açılması layihəsi də buna söykənir. Çünki Ermənistan durduğu yerdə təsəvvür edin ki, bir tərəf Orta Asiya, bir tərəf Avropa -elə bir tranzit mərkəzə çevriləcək ki, hər gün bu vəsaitlər Ermənistan büdcəsinə axacaq. Bu imkanı Azərbaycan bütün bu logistik mərkəzdə, dəhlizdə iştirak edəcək dövlətlərə təqdim edir. O cümlədən Çinin də bu geoiqtisadi maraqlarına uyğundur. Buna görə də bu gün ən perspektivli layihələrdən biri Orta Dəhliz hesab olunur və bu Orta Dəhlizin Gürcüstan üzərindən Qara dəniz, Türkiyə, Avropaya çıxışı təmin olunub".

Müsahibimiz əlavə edib ki, bu məsələdə Azərbaycanın qərb rayonlarını Naxçıvanla birləşdirəcək, Mehridən keçən bir dəhlizin mövcudluğu təklif edilir.

"Bakı-Tbilisi- Qars kimi dəmir yolu infrastrukturu mövcuddur və  5 milyona yaxın tonnajlı ticarət yüklərini daşıyır və gələcəkdə bu miqyas artacaq. Ancaq  Azərbaycan bir də Ermənistana Mehridən keçəcək. Yəni  Azərbaycanın qərb rayonlarını Naxçıvanla birləşdirəcək bir dəhlizin mövcudluğunu təklif edir ki, burada da itirən bir dövlət yoxdur. Eyni zamanda, bu türk dünyasının geosiyasi maraqlarına, geoiqtisadi maraqlarına uyğun bir layihədir. Ona görə də burada zərər çəkən dövlət yoxdur. Doğrudur, burada geosiyasi maraqları olan ölkələr var. Çini, Rusiyanı, İranı oyundankənar vəziyyətdə saxlamağa çalışanlar var. Ancaq  Azərbaycan bu mübarizə planının içərisində deyil".

Siyasi şərhçi qeyd edib ki, Azərbaycan hər bir dövlətin qazanması və ticarət əməkdaşlığı ilə sülhün bərqərar olmasını istəyir.

"Azərbaycanın istəkləri yeni ticarət, nəqliyyat logistikasının, yeni kommunikasiya sisteminin dövriyyəyə buraxılması ilə hər bir dövlətin qazanması və bu cür ticarət əməkdaşlığı kontekstində regionda sülhün bərqərar olmasını istəməsidir. Bu da normal insani davranışdır. Yəni müharibədənsə ticarət daha uyğun deyilmi? Çünki ticarət insanları, maraqları bir-birinə yaxınlaşdırır, qarşılıqlı maraqları təmin edir və ticarət öldürmür".

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31