USAİD-in səpdiyi şər toxumlarının arealı böyükdür- ÖZƏL
7 Fevral 2025 14:44 Siyasət"USAID-in Ermənistana göstərdiyi rəğbət, bu ölkəyə dəfələrlə maliyyə yardımları ayırması, buna əks olaraq isə Azərbaycana qarşı sərgilədiyi radikal mövqe, əsassız iddialarla çıxış etmələri, erməni havadarlığından nəşət tapmış mövqenin göstərisici kimi ancaq təəssüf doğura bilərdi. Bu mənada, Azərbaycanın Prezidenti cənab İlham Əliyevin hər məsələdə olduğu kimi, burada da qətiyyətli mövqeyi, ayıq-sayıq davranışı bu gün həm də uzaqgörən bir siyasətin çalarları kimi təqdir olunmalıdır. Ona görə də ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) fəaliyyətinin dayandırılması ilin başlanğıcı üçün sevindirici xəbər sayıla bilər". "Olaylar" xəbər verir ki, bunu millət vəkili Elnarə Akimova deyib: "Sevinmək amilini öz ölkəmiz, Azərbaycana münasibətlə bağlı səsləndirmirəm. Nədən ki, Azərbaycan ötən ilin fevralından USAID ilə müqavilənin müddətini uzatmağı mənasız saymış, ondan imtina etmişdir. Bunu daha qlobal mənada, uğur adlandırmaq mümkündür. Çünki USAİD-in səpdiyi şər toxumlarının arealı böyükdür, yaratdığı xaos və disharmoniya xalqlar, ölkələr arasında nifaq, təfriqə yaratmağa hesablanmış əməl göstəriciləridir. Ukraynada "narıncı", Gürcüstanda "məxməri", Qırğızıstanda isə "zanbaq" inqilablarının ssenarilərində USAID-in oynadığı rol yaxın və çağdaş tariximizin məşum səhifələrindəndir. Haqlı olaraq Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin USAID-in illik büdcəsinin 50-60 milyard dollar olan şəbəkəyə çevrildiyini bildirib. Gürcüstanın Baş naziri İrakli Kobaxidze isə bu qurumun öz maliyyəsindən ancaq digər ölkələrdə təbriqə və xaos yaratmaq üçün istifadə etdiyini vurğulayıb. İlon Mask USAID-i "məhvə məhkum qurum" və "cinayətkar yuva" adlandırıb".