İran-Azərbaycan münasibətlərində yeni səhifə– ÖZƏL
17:00 Siyasət"Azərbaycan Prezidentinin xarici məsələlər üzrə köməkçisi Hikmət Hacıyevin İrana səfəri, bu ölkədə yüksək vəzifəli şəxslər, o cümlədən Prezident Məsud Pezeşkianla görüşməsi siyasi gündəmin diqqətindədir.. Bu görüşlər Azərbaycan-İran münasibətlərinin müsbət istiqamətdə irəliləməsinə marağın olduğunu göstərir. İran artıq anlamalıdır ki, Cənubi Qafqazda əsas güc Azərbaycandır və bölgədə baş verən proseslərdə bu reallığı nəzərə almalıdır".
Siyasi şərhçi Kazım Kazımov Olaylar.az-a açıqlamasında qeyd edib ki, Ermənistan hazırda NATO-nu Cənubi Qafqaza çəkməyə və İranın şimal sərhədlərinə yaxın əraziləri münaqişə ocağına çevirməyə çalışır. Bununla yanaşı, İranın Yaxın Şərq siyasəti ciddi zərbələr alıb, Suriyada baş verən proseslər Tehran üçün gözlənilməz nəticələr yaradıb.
Azərbaycan isə bölgədə daim balanslı siyasət yürüdüb və İran da bu yanaşmanı nəzərə almalıdır. Kazım Kazımov vurğulayıb ki, İran daxilində Azərbaycana qarşı fəaliyyət göstərən "Hüseynun" adlı bir terror təşkilatı mövcuddur və Tehran bu qruplaşmanı susdurmaq üçün addımlar atmalıdır. Əgər İran bu istiqamətdə konkret tədbirlər görsə, Bakı ilə münasibətlər daha da yaxşılaşa bilər.
"Eyni zamanda, Zəngəzur dəhlizi məsələsi İrana qarşı yönəlməyib. Əksinə, bu layihə Tehrana iqtisadi və geosiyasi baxımdan fayda verə bilər. İran anlamalıdır ki, Azərbaycanda ona qarşı heç bir daxili fəaliyyət yoxdur və buna cavab olaraq, ölkə daxilində mövcud olan və Azərbaycan üçün təhlükə yaradan terror təşkilatlarına qarşı tədbirlər görməlidir. Bu addımlar atıldığı təqdirdə, İran yenidən Bakının etimadını qazana bilər".
Zeynəb Rzayeva