USAID-in bağlanması: Yeni siyasətin başlanğıcı– ÖZƏL
16:50 SiyasətABŞ-nin 47-ci prezidenti Donald Trampın hakimiyyətə gəlişi ilə ölkənin xarici yardımlara baxışı kəskin şəkildə dəyişməyə başladı. Seçki kampaniyası dövründə o, vergi ödəyicilərinin vəsaitlərinin hara və necə xərcləndiyini ciddi nəzarətə götürəcəyini, xüsusilə də USAID kimi qurumların fəaliyyətini yenidən qiymətləndirəcəyini bildirmişdi".
Bu fikirləri siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova Olaylar.az-a açıqlamasında bildirib:
"USAID uzun illər ərzində bir çox beynəlxalq layihələrə maliyyə ayırsa da, bu vəsaitlərin necə istifadə edildiyi və hansı məqsədlərə xidmət etdiyi ciddi suallar doğururdu. Rəsmi hesabatlara əsasən, agentlik onilliklər boyu faktiki olaraq heç bir nəzarət olmadan fəaliyyət göstərib, bəzi hallarda isə müəyyən edilmiş terror təşkilatları ilə əlaqəli qeyri-kommersiya qurumlarını dəstəkləyib.
Tramp administrasiyası federal büdcənin optimallaşdırılması prosesində USAID-i bağlamaq qərarına gəldi. Bu siyasəti dəstəkləyənlər hesab edirlər ki, agentlik "Amerika Birinci" prinsipinə zidd olan xərcləmələr həyata keçirirdi və ABŞ-nin milli maraqlarına xidmət etməyən layihələrə yönəlmişdi. Məsələyə münasibət bildirən İlon Mask da bu qurumu "siyasi baxımdan qərəzli" adlandıraraq onun fəaliyyətinin davam etdirilməsinin məqsədəuyğun olmadığını vurğulamışdı.
Bu dəyişikliklər fonunda Azərbaycan da öz mövqeyini aydın şəkildə ortaya qoydu. Cənab Prezident İlham Əliyev ötən ilin dekabrında verdiyi müsahibədə USAID-in fəaliyyətini tənqid edərək Azərbaycanın heç bir xarici qurumun təsiri altına düşməyəcəyini vurğulamışdı. Ölkəmizin mövqeyi bəllidir: cəmiyyətimiz manipulyasiya aləti ola bilməz və xarici təsirlərə qarşı daim ayıq-sayıq qalmalıdır.
USAID-in bağlanması təkcə ABŞ-nin daxili siyasətində deyil, beynəlxalq münasibətlər sistemində də ciddi bir dönüş nöqtəsi oldu. Bu addım həm ABŞ-nin maliyyə siyasətində şəffaflığın təmin olunmasına, həm də milli maraqların qorunmasına yönəlmiş bir qərar kimi qiymətləndirilir".
Zeynəb Rzayeva