Azərbaycan-İran münasibətlərində yeni mərhələ?

Son aylarda Azərbaycan və İran arasında intensivləşən diplomatik təmaslar iki ölkə arasındakı gərginliklərin azaldılması və yeni əməkdaşlıq formatlarının qurulması baxımından mühüm əhəmiyyət daşıyır. İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqainin son açıqlamaları da göstərir ki, rəsmi Tehran Bakı ilə əlaqələri normallaşdırmaq və gələcəkdə daha dərin siyasi, iqtisadi və təhlükəsizlik əməkdaşlığı qurmaq niyyətindədir.

Bu diplomatik prosesin mühüm məqamlarından biri İranın Azərbaycan-Ermənistan sülh danışıqlarına xüsusi önəm verməsidir. Tehran Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsinə yardım göstərməyə hazır olduğunu bildirir. Bu, İranın regional proseslərdə daha aktiv vasitəçi və ya iştirakçı olmağa çalışdığını göstərir. Lakin İranın bu cür səylərinin Bakı və İrəvan tərəfindən necə qarşılanacağı hələ də açıq sualdır.

Digər tərəfdən, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin  qonşu ölkəyə  səfəri və  İran Prezidenti Məsud Pezeşkianla  görüşməsi  xüsusi  diqqət  doğurur. Görüşdə Pezeşkianın ərazi bütövlüyü məsələsinə xüsusi vurğu etməsi diqqətçəkən məqamdır. İranın bu mövqeyi Azərbaycanın maraqları ilə üst-üstə düşsə də, eyni zamanda Tehranın Ermənistanla da sıx əlaqələri nəzərə alındıqda, İranın bu siyasətinin konkret olaraq nəyə hesablandığı hələ də tam aydın deyil.

Diplomatik səviyyədə verilən bu pozitiv mesajların praktiki nəticələr doğurması üçün hər iki ölkənin ticarət, nəqliyyat və təhlükəsizlik sahəsində konkret addımlar atması vacibdir. İranın ticarət və nəqliyyatda maneələrin aradan qaldırılması ilə bağlı çağırışı Azərbaycanın da regionda nəqliyyat-kommunikasiya layihələrini inkişaf etdirmək istəyinə uyğun gəlir. Xüsusilə Zəngəzur dəhlizi və İranın bu dəhlizdə iştirakı məsələsi gələcəkdə daha çox müzakirə edilə bilər.

Ümumiyyətlə, Azərbaycan və İran arasındakı münasibətlər tarixən müəyyən eniş-yoxuşlarla müşayiət olunsa da, son görüşlər və açıqlamalar göstərir ki, hər iki tərəf yeni əməkdaşlıq imkanlarını dəyərləndirmək istəyir. Bunun davamlı olması üçün isə tərəflər arasındakı qarşılıqlı etimadın möhkəmləndirilməsi və real iqtisadi layihələrin həyata keçirilməsi əsas rol oynayacaqdır.

Qiymət  Mahir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31