Ermənistanda siyasi gərginlik: Paşinyan seçkilərə hazırlaşır – ÖZƏL

"İkinci Qarabağ müharibəsində sarsıdıcı məğlubiyyəti qəbul edib, kapitulyasiya aktına imza atan Ermənistanın baş naziri Nikol Paşinyan ölkədə müxalifətin ciddi təzyiqləri ilə üzləşdi, hətta yüksək səviyyədə onun istefası da istənildi. Nəticədə dünyada dəyişən reallıqlar və müxalifətin davamlı mitinqləri Ermənistanı erkən seçkilərə getməyə məcbur etdi".

Bu sözləri Olaylar.az-a açıqlama verən siyasi ekspert Elmir Səftərov deyib. O qeyd edib ki, buna baxmayaraq, Nikol Paşinyan 2021-ci ildə keçirilən növbədənkənar seçkilərdə qalib gəlməyi bacardı. Lakin bu, onun hakimiyyətinin möhkəm olması anlamına gəlmirdi:

"Bunun göstəriciləri isə 2021-ci ildən Ermənistanda müxalifətin yenidən baş qaldırması ilə bağlıdır. Ona görə də Ermənistanda 2018-ci ildən bəri əhali arasında dəstəyi azalan Nikol Paşinyanın "Mülki müqavilə" partiyası sonuncu növbədənkənar seçkilərdən sonra müxtəlif formalarda seçki prosesini həyata keçirir. Bunun ən real nümunəsi isə ölkədə həyata keçirilən kadr islahatlarının aparılmasıdır. Baş nazir bununla özünə təhdid gördüyü şəxsləri zərərsizləşdirməklə yanaşı, xalq arasında islahatçı lider obrazını da yaratmaq niyyətindədir".

Analitikin fikirlərinə görə, ümumilikdə 2021-ci ildən fərqli olaraq indi növbədənkənar parlament seçkilərinin keçirilməsinə ciddi əsaslar yoxdur, lakin bunun baş verəcəyi Ermənistanın daxili siyasəti ilə bağlıdır:

"Keçiriləcək seçkilərdə isə Paşinyanın dəstəyinin azalcağı görünsə də, onun məğlub olacağı az ehtimal edilir. Ermənilərin onu dəstəkləməsinin səbəbləri müharibənin bitməsini, sülhün və əmin-amanlığın hökm sürdüyü bir ölkədə yaşamaq istəmələridir. Eyni zamanda, rəsmi İrəvanın Qərbə meyillənməsi xalq arasında gələcəyə daha çox inam yaradır və onlar bunu Paşinyanla əldə edəcəklərinə ümid edirlər. Paşinyanın dəstəyini azaldan amillər isə ermənilərin təcrid olunmuş yaşayış şərtləri, İkinci Qarabağ müharibəsindəki məğlubiyyət, Qarabağın əllərindən çıxması, Paşinyanın güzəştlərə məcbur buraxılmasıdır. 
Lakin 2021-ci il seçkilərində müharibədən Nikol Paşinyanın rəhbərliyi ilə məğlub çıxan Ermənistanda xalq buna baxmayaraq, onu dəstəklədi. Erməni xalqı Qarabağ məğlubiyyətində günahı yalnız Paşinyana yükləmədiyi üçün onun rəqiblərinin- Ermənistanın bütün keçmiş siyasi liderlərinin seçkilərdə iştirak etməsi və məğlub tərəfə çevrilməsi bunun əyani göstəricisidir. Ermənistan siyasətində gücünü itirən Qarabağ klanı ölkədəki bu yeni prosesi pozmaq üçün cəhdlər etsə də, görünür bunların ciddi təsiri olmayacaq".

E.Səftərov   qeyd edib ki, Paşinyan seçkilərə qədər qonşuları ilə münasibətlərini yaxşılaşdırmağa, ölkə iqtisadiyyatında inkişaf əldə etməyə, daxili siyasətdəki qarışıqlığı aradan qaldırmağa çalışacaq.

Qiymət Mahir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31