Azərbaycan-Amerika münasibətlərinin konkret çərçivəsini indidən cızmaq mümkün deyil - ÖZƏL

"Təəssüf ki, Trampın dövründə Azərbaycan-Amerika münasibətlərinin mənzərəsi barədə tam ifadə olunmuş və əhatəli bir çərçivə çəkmək hələlik mümkünsüzdür". 
Bunu Olaylar.az-a açıqlamasında siyasi ekspert Aydın Quliyev deyib.
"Unutmayaq ki, Azərbaycanın özünün dövlət maraqları var. Təəssüf ki, Trampın dövründə Azərbaycan-Amerika münasibətlərinin konkret və əhatəli bir çərçivəsini indidən cızmaq mümkün deyil. Çünki Tramp Baydendən hələlik fərqli davranış nümayiş etdirsə də, amma onun yüzdə yüz Amerikanın dövlət maraqlarından çıxış edəcəyinə şübhə yoxdur. İstisna da deyil ki, Amerikanın dövlət maraqları ilə yanaşı ölkə daxilində müəyyən lobbi dairələrinin mənafelərindən də çıxış edə bilər. Buna görə də indiki şəraitdə biz Azərbaycan təmsilçiləri olaraq Trampın Azərbaycanla bağlı hansı siyasət aparacağının üzərində çox çalışmaq əvəzində ölkənin gücləndirilməsi, ölkənin daha düzgün və milli maraqlar üzərində formalaşmış xarici və daxili siyasətinin möhkəmlənməsi və aparılması üzərində daha çox fokuslanmalıyıq. Çünki bütün hallarda əgər Tramp birmənalı şəkildə Amerikanın dövlət maraqlarından çıxış etsə, belə vəziyyətdə Azərbaycan üçün ən etibarlı təminat və müdafiə ölkənin milli dövlət maraqlarına daha möhkəm sığınmaqdan ibarət olacaq. Eyni zamanda unutmayaq ki, Tramp Amerika kimi dünyada özünün hegemon mövqeyini qoruyub saxlamağa çalışan bir dövlətin prezidentidir. Bütün hallarda Azərbaycanla Amerikanın münasibətlərinin hardasa toqquşa və uyğun gəlməyəcəyi məqamlar olacaq. Xüsusilə də, Amerikanın geosiyasi nüfuz dairələri uğrunda gedən mübarizədə həlledici dünya qüvvələrindən biri olması və Azərbaycanın daha çox tərəfsiz siyasət aparması deməyə əsas verir ki, Azərbaycanın və Amerikanın siyasəti, mənafeləri heç də bütün hallarda tam şəkildə üst-üstə düşməyəcək. Ona görə də Tramp baydendən fərqli siyasət aparsa da, amma onun aparacağı siyasətin Azərbaycanın mənafeləri ilə tam üst-üstə düşəcəyini indidən söyləmək çox çətindir. Hətta buna arxayın da olmaq olmaz ki, Tramp Azərbaycanın mənafelərinə uyğun siyasət aparacaq. Sözün açığı, mən hələlik baxıram, bəzi Azərbaycanın milli-mənəvi dəyərləri ilə bir araya sığmayan məsələlərə münasibətdən başqa, onun apardığı siyasətin və yaxud aparacağı siyasətin, hələlik Azərbaycanın siyasət imperativləri ilə üst-üstə düşəcəyini söyləmək çox çətindir. Xüsusilə də, məsələn, Yaxın Şərq probleminə baxışlarda Amerika ilə, Trampla Azərbaycanın mövqeyi artıq fərqlənir. Ukrayna məsələsinə münasibətdə Azərbaycanın mövqeləri artıq fərqlənir. Yalnız bəzi fraqmentlərdən danışmaq mümkündür. O cümlədən də, Trampın bu gün Avropanın monopolist və inhisarçı mövqeyinə qarşı bəzi mövqelər nümayiş etdirməsi müəyyən qədər Azərbaycanın siyasətinə uyğun gəlir. Amma əlbəttə, Azərbaycanın və Amerikanın siyasətlərinin Trampın dövründə tam üst-üstə düşəcəyini gözləmək və iddia etmək tezdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31