Ermənistan bölgədə sülhün olmasında maraqlı deyil - ÖZƏL

"Zəngəzur dəhlizi məsələsində Ermənistanın inkarçı mövqeyi bir sıra amillərdən asılıdır. Bu amillər həm də Ermənistanın bir dövlət olaraq mənafelərindən əmələ gəlir". 

Bunu Olaylar.az-a açıqlamasında siyasi ekspert Aydın Quliyev deyib.

"Ermənistanın Zəngəzur dəhlizi ilə bağlı inkarçı mövqeyi həm ölkə daxili siyasi maraqlardan meydana gəlir, həm də eyni zamanda, bir sıra beynəlxalq dairələrin Ermənistana təsirinin nəticəsidir. 
Birinci növbədə, Ermənistan bölgədə sülhün olmasında maraqlı deyil. Ermənistan Azərbaycanla münasibətlərin hərtərəfli tənzimlənməsini istəmir. Çünki bu bölgədə Ermənistan daimi müharibə ocağının qalmağında maraqlıdır. Çünki Ermənistan artıq Rusiyanın yox, Qərb ölkələrinin və Qərbin bu bölgədə geosiyasi maraqlarının lobbisinə çevrilib. Azərbaycanla münasibətlərin tam normallaşması məsələlərindən biri də Zəngəzur dəhlizinin açılmasıdır. Əgər bu dəhliz açılmasa, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasından söhbət gedə bilməz. Eyni zamanda, burada Rusiya faktoru da var və Ermənistan Rusiyanın çətirindən çıxmağa çalışdığına görə elə bir dəhlizin Rusiyanın əlinə keçməsini qəti şəkildə istəmir. Ona görə də Ermənistan Zəngəzur dəhlizinin açılmasında minimum o halda maraqlı olacaq ki, bu dəhliz Ermənistanın yalnız özünün nəzarətində olsun və Rusiyanın bu dəhlizin üzərində heç bir söz haqqı olmasın. 
Eyni zamanda, Ermənistan Zəngəzur dəhlizi məsələsində İranın da mövqelərindən çıxış edir. Çünki İran bu dəhlizi özünün geosiyasi maraqlarına təhlükə hesab edir. İran indiki sanksiyalar və izolyasiya şəraitində Zəngəzur dəhlizinə, böyük iqtisadi məkanlara çıxış imkanında Zəngəzur dəhlizinin qapalı qalmasına, yəni açılmamasına böyük iqtisadi mərkəzlərlə əlaqənin üsulu kimi baxır. İran belə hesab edir ki, Zəngəzur dəhlizi açılsa, onun, məsələn, Avrasiya İqtisadi Birliyi ilə böyük iqtisadi əlaqələrinə zərər toxunacaq. Ermənistan da burada İranın mənafelərindən çıxış edir və Zəngəzur dəhlizinin açılmasında maraqlı olmadığını nümayiş etdirib. Bir sözlə, Ermənistan bölgədə  Azərbaycanla münasibətlərin hərtərəfli normallaşmasında maraqlı olmadığına görə Zəngəzur dəhlizinin açılmasını  istəmir. İranın mənafelərinə xidmət etdiyinə görə dəhlizin açılmasını istəmir. Eyni zamanda Qərb ölkələrinin bu bölgədə yerləşməsinin təsirinin artması üçün çalışdığına görə hələlik dəhlizin açılması istəmir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31