Trampın USAID-in layihələrini dayandırması sevindiricidir - ÖZƏL
15:08 Siyasət"ABŞ prezidenti Donald Trampın USAID-in layihələrini dayandırması sevindiricidir".
Bunu Olaylar.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.
"Ona görə sevindiricidir ki, bizim illərdir dediyimiz bir fikir özünü nəhayət ki, doğrultmuş olur. Çünki illərdir biz deyirdik ki, USAID adlı qurum başqa-başqa ölkələrin daxili işlərinə qarışır, demokratiya, insan haqları azadlıqları adı altında pozucu fəaliyyətlə məşğuldur. Hətta bu qurum korrupsiyalaşmış qurumdur, çirkli pulların yuyulması ilə məşğuldur. Biz bu fikirləri səsləndirəndə Azərbaycanın daxilində müəyyən şəxslər, qüvvələr, yaxud da Azərbaycandan kənarda oturub ölkəmizə, dövlətimizə çamur atan şəxslər bizim üzərimizə gəlirdilər ki, siz Amerika Birləşmiş Ştatlarının nüfuzlu tər-təmiz qurumuna böhtan atırsınız. Amma zaman keçdi, artıq Amerika Birləşmiş Ştatlarında prezident səviyyəsində USAID adlı təşkilatın doğrudan da çirkab yuvası olduğu qənaətinə gəlindi. Araşdırmalar aparılır və ilkin araşdırmalar nəticəsində bəlli olur ki, doğrudan da USAID Amerika Birləşmiş Ştatları vətəndaşlarının vergiləri hesabına fəaliyyət göstərərək pozucu, dağıdıcı, zərərli fəaliyyətlə məşğul olub. Hətta bəzi ölkələrdə inqilabları köükləndirib, vətəndaş qarşıdurmasına sürükləyib insanları, dövlətlərin sabitliyini pozmaqla məşğul olub, zərərli mənəvi, əxlaqi yönləri, yaxud da ki, təzahürləri tirajlamaqla məşğul olub. Bütün bunları artıq biz demirik, Amerika Birləşmiş Ştatlarında rəsmən ən yüksək səviyyədə deyillər. Halbuki, biz bu şeyləridir illərdir Azərbaycanda deyirdik və buna görə də tənqid olunurduq. Yaxşıdır ki, nəhayət, Amerika Birləşmiş Ştatlarında bu şeylərin mahiyyəti üzrə araşdıran bir administrasiya var".