Rusiya inadını davam etdirərsə...– ÖZƏL
14:13 Siyasət"Təəssüf ki, Moskva bu günə qədər bir çox təyyarə qəzası ilə bağlı məsuliyyəti üzərinə götürməyib. Məsələn, 2014-cü ildə Ukraynada vurulan Malayziya Hava Yollarına məxsus "Boing-777" təyyarəsi və 25 dekabr 2022-ci ildə Aktau yaxınlığında baş verən Azərbaycan Hava Yollarına məxsus təyyarə qəzası. Aydın məsələdir ki, hər iki qəzada Rusiyanın əli var. Birinci hadisə Donbasda baş vermişdi və burada Rusiyanın dəstəklədiyi separatçılar rus texnikasından istifadə etmişdilər, amma Rusiya heç bir məsuliyyəti qəbul etmədi. İkinci hadisə isə Azərbaycan təyyarəsinin vurulması ilə bağlıdır, burada da istifadə olunan texnika Rusiya istehsalıdır. Həmin vaxt da Rusiya məsuliyyəti üzərinə götürməyib"
Bu fikirləri siyasi şərhçi Sultan Zahidov Olaylar.az-a açıqlamasında bildirib:
"Burada əsas məsələlərdən biri Rusiyanın bu məsələ ilə bağlı öhdəliklərini yerinə yetirməməsidir. Rusiyanın məsuliyyəti üzərinə götürərək, hadisədə əli olanları obyektiv şəkildə cəzalandırması və zərərçəkənlərin ailələrinə təzminat ödənilməsi tələb olunur. Lakin Rusiya, imperiya düşüncəsi ilə, digər dövlətlərdən üzr istəməyi, bu kimi məsələləri etiraf etməyi qəbul etmir. Bu, Moskvanın siyasətinin bir hissəsidir - "Parçala və hökm sür" yanaşmasının təzahürüdür.
Rusiya bu prosesləri uzatmağa çalışır ki, zamanla insanların diqqətini yayındırsın və məsələnin əhəmiyyəti azalsın. Ancaq bu, ikitərəfli münasibətlərə, xüsusilə də Azərbaycan və Rusiya arasında 2022-ci ilin fevralında imzalanan müttəfiqlik müqaviləsindən sonrakı münasibətlərə təsir edir. Azərbaycan bu sazişdən irəli gələn bütün öhdəliklərini yerinə yetirir, amma Rusiya bu məsələyə adekvat yanaşmır. Bu, münasibətlərin gedişatına təsir edir.
Azərbaycan bu məsələdə yalnız ədalət tələb edir. Əgər Rusiya məsuliyyəti üzərinə götürsə, məsələnin həlli yolunda irəliləyiş olacaq. Amma əgər Rusiya inadını davam etdirərsə, Azərbaycanın Rusiyaya münasibətləri yenidən nəzərdən keçirilməli olacaq".
Zeynəb Rzayeva